Böyük Britaniyanın Oksfordşir bölgəsində yerləşən karxanada dinozavr izlərinin olduğu və indiyədək ən böyüyü hesab edilən ərazi aşkarlanıb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə BBC nəşrinin dərc etdiyi materialda bəhs edilir.
Məlumata görə, 200-ə yaxın nəhəng ayaq izi 166 milyon il əvvələ aiddir. Bu izlərin iki fərqli dinozavr növünün - "Cetiosaurus" adlı uzunboyunlu sauropod və daha kiçik ölçüdə ətyeyən meqalozavra olduğu ehtimal edilir.
Ən uzun ayaq izi yolu 150 metr təşkil edir, lakin karxananın yalnız bir hissəsi qazıldığı üçün bu yolun daha uzun ola biləcəyi güman olunur.
Birminqem Universitetinin mikropaleontoloqu, professor Kirsti Edqar tapıntını olduqca yüksək qiymətləndirib.
"Bu, miqyas və ayaq izlərinin ölçüsü baxımından indiyə qədər gördüyüm ən heyranedici ərazilərdən biridir", - deyə o bildirib.
"Siz keçmişə qayıda və bu nəhəng canlıların necə buralarda gəzdiyinə dair təsəvvür əldə edə bilərsiniz", - deyə o qeyd edib.