Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və Fransaya casusluqda ittiham olunan Martin Rayan və Azad Məmmədlinin cinayət işinin məhkəmə baxışı keçirilib.
Kriminal.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.
Qeyd edək ki, prosesdə yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.
İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən Martin Rayan eyni zamanda bəzi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərlə məqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusi xidmət orqanına ötürməkdə şübhəli bilinir.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin Rayan Azad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həmin ərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmət orqanları əməkdaşları ilə görüşdürüb.
Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub.
İttihama görə, Fransa vətəndaşı Martin Rayan özünü qismən təqsirli bilib.
Təqsirləndirilən şəxslər - Martin Rayan və Azad Məmmədliyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Növbəti proses fevralın 19-da davam edəcək.
Qeyd edək ki, Martin Rayan 1988-ci ildə Fransada anadan olub, ali təhsillidir. O, Fransada Monpelye Universitetinin beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət ixtisasını bitirib, əvvəllər məhkum olunmayıb.
Martin Rayan Azərbaycanda sahibkarlıq və Fransız şərablarının idxalı ilə məşğul olub.
Digər təqsirləndirilən şəxs Azad Məmmədli isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. O, 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas işləyib. 2023-cü ildə bir müddətlik Böyük Britaniyaya köçüb. Vətənə qayıdandan 2 ay sonra həbs olunub.
İttihama görə, Martin Rayan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb.
Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin "dövlətə xəyanət" ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.