kriminal.az
Milyarderlər birləşir: Dünyaca məşhur bloqer

Tanınmış amerikalı bloqer "MrBeast" (əsl adı Cimmi Donaldson) "TikTok"u ABŞ-də bloklama təhlükəsindən xilas etmək üçün almağa hazır olduğunu bildirib.

Kriminal.Az-ın məlumatına görə, bu barədə o, özünün "X" sosial şəbəkəsində elan edib.

Qeyd edək ki, "Mr Beast"in "YouTube" kanalının təxminən 340 milyon abunəçisi var və bu, ildə ona təxminən 700 milyon dollar gəlir gətirir. "TikTok"un dəyəri isə 250 milyard dollar həddində qiymətləndirilir.

Platformanın təkcə ABŞ-də 170 milyon, dünyada isə 800 milyon istifadəçisi var. Bir neçə milyarder artıq bloqerə sövdələşmənin bağlanmasında kömək təklif edib.

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsinin rəhbərliyi yanvarın 19-da ABŞ-də öz mobil tətbiqinin fəaliyyətini dayandırmağa hazırlaşır.

ABŞ-də 2024-cü ildə qəbul edilmiş qanuna əsasən, Çin şirkəti "ByteDance" ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ölkə ərazisində fəaliyyətini dayandırmalıdır. "TikTok" ətrafında vəziyyət onun bloklanmasını mümkün edən qanunun demokratlar və respublikaçılar arasında geniş dəstək almasına baxmayaraq, hər iki partiyada mübahisə mövzusuna çevrilib.

Sosial şəbəkənin aktiv istifadəçisi olan ABŞ-li gənclər də fəal şəkildə qanunun əleyhinə çıxırlar.

Dekabrın sonunda ABŞ-nin seçilmiş prezidenti Donald Tramp hakimlərdən qanunun müddəalarının dayandırılmasını xahiş edib. O, əvvəllər bu platformaya "isti yanaşdığını" deyib, çünki 2024-cü ilin noyabrında dövlət başçısı seçkilərində onun qələbəsinə gənc amerikalı istifadəçilərin səsləri kömək edib.

Platformanın fəaliyyətinin dayandırılmasının qarşısını yalnız Ali Məhkəmənin müdaxiləsi ilə almaq olar.

Top
0.046519994735718