Çin həm insanların, həm də insanabənzər robotların iştirak etdiyi birinci yarımmarafona ev sahibliyi edəcək.
Kriminal.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Marafon aprel ayında Pekində keçiriləcək. Yarışda 20-dən çox şirkətdən 12 minə yaxın insan və onlarla robot iştirak edəcək. Onlar 21 km məsafə qət edəcək və ən sürətli üç idmançıya veriləcək mükafatlar uğrunda mübarizə aparacaqlar.
Tədbir Pekinin İqtisadi və Texnoloji İnkişaf Zonasında, həmçinin "E-Town" kimi tanınan ərazidə baş tutacaq. Bu, Daksin bölgəsində yüksək texnologiyalı innovasiyaları dəstəkləyən müxtəlif sənaye parklarının yerləşdiyi sənaye zonasıdır.
Yarımmarafonun təşkilatçıları ümid edirlər ki, qarışıq yarış konsepsiyası Çinin süni intellekt və robot texnikasını inkişaf etdirmək səylərini əks etdirəcək. Çin bu yüksəktexnologiyalı sənayelərdə ABŞ ilə rəqabət aparmağa və onların köməyi ilə əhalinin qocalması və doğum səviyyəsinin aşağı düşməsinin öhdəsindən gəlməyə ümid edir.