kriminal.az
Bomba partladıb 2 500 illik qızılları oğurladılar

Assendəki (Niderland) Drents Muzeyində oğrular binanın kənarına partlayıcı yerləşdirdikdən sonra qədim Dakiya krallığının qızıl sərgisindən bir neçə mühüm artefakt oğurlayıblar.

Kriminal.Az xəbər verir ki, bu barədə "Dutch News" yazır.

Oğurlanan əşyalar arasında xalis qızıldan hazırlanmış və eramızdan əvvəl 500-cü ilə aid qızıl dəbilqə və üç qızıl bilərzik də var.

Bildirilir ki, partlayış pəncərələri uçurub və binanın özünə ziyan vurub. Polis dəqiqliklə planlaşdırılmış əməliyyatda bir neçə nəfərin iştirak etdiyini bildirib. Oğrular içəri girib qiymətli eksponatları götürüb gediblər. Bütün soyğunçuluq təxminən üç dəqiqə çəkib.

Təhqiqata kömək etmək üçün İnterpol çağırılıb. Partlayışdan təxminən 30 dəqiqə sonra soyğunçuların istifadə etdiyi güman edilən yanmış avtomobil tapılıb.

Muzey direktoru Harri Tupan bildirib ki, muzeyin 170 illik tarixində belə bir şey olmayıb.

Oğurluq zamanı binada heç bir təhlükəsizlik işçisi olmayıb. Bina sırf siqnalizasiya sistemi ilə mühafizə olunub.

"Dakiya - Qızıl və Gümüş Krallığı" sərgisində müasir Rumıniya, Bolqarıstan, Ukrayna və Moldova ərazisində yerləşən krallığın 50-dən çox artefaktı təqdim olunub. Dakiya krallığı eramızdan əvvəl 82-ci ildən eramızın 106-cı ilinədək Roma istilasına qədər müstəqil dövlət kimi mövcud olub.

Top
0.04768180847168