kriminal.az
Almaniyanın keçmiş prezidenti vəfat edib

Almaniyanın keçmiş prezidenti Horst Köhler 81 yaşında vəfat edib.

Kriminal.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Almaniya Prezident Aparatından məlumat verilib.

Məlumata görə, Köhler qısamüddətli ağır xəstəlikdən sonra paytaxt Berlində dünyasını dəyişib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Köhlerin həyat yoldaşı Eva Luiz Köhlerə başsağlığı mesajı göndərib.

"Ölkəmiz üçün və dünyada böyük işlər görmüş, çox hörmətli və olduqca sevilən bir insanı itirdik", - deyə o, mesajda bildirib.

Qeyd edək ki, 22 fevral 1943-cü ildə Polşada anadan olan Köhler 2004-cü ilin mayında Xristian Birlik Partiyaları və Azad Demokrat Partiyasının namizədi olaraq Almaniyanın 9-cu prezidenti seçilmiş, 2009-cu ilin may ayında keçirilən seçkidə ikinci dəfə prezident seçilmişdi.

Köhler 2010-cu ilin mayında Almaniya əsgərlərinin Əfqanıstandakı missiyası ilə bağlı şərhlərinə görə tənqidlərdən sonra tutduğu vəzifədən istefa vermişdi.

Horst Köhler həmçinin 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun prezidenti, 2017-2019-cu illərdə isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Sahara üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışıb.

Top
0.047919988632202