kriminal.az
Xanım bir az o yana keçsin, ya dərimizi soysunlar?

Emilya Tağıyeva yazır...

- Xanım, bir az o yana keçərdiniz də.

- Orada yol var? Bəlkə iynə olub keçim? Görmürsən buranı? (Oturacağın aşağısını göstərir).

Yazıq birinci qadın söz deməyinə peşman oldu. Avtobusda narazı baxışlar qadınlara yönəldi, digəri ürəklənib sürücüyə acıqlandı ki, "basabasdır, niyə qapını açırsan?", bir başqası hamının işə getməyə tələsdiyini dedi. Səhər hələ 8-ə işləmişdi, amma aqressiya havada uçurdu.

Bu, demək olar ki, hər gün yolda, nəqliyyatda, dükanda, bazarda dəfələrlə rastlaşdığımız hadisədir.

Maraqlıdır, görəsən, əvvəllər də belə olub? Bəlkə hə, bəlkə də yox. Bir yadımdadır ki, həmin vaxtlar insanların bir-birinə yanaşması fərqli idi. Məsələn, bu gün 30 il əvvəldən fərqli olaraq qonşu, hətta qohum kiməsə hansısa məsələdə tövsiyə verməyə çəkinir. Çünki bəziləri üçün bu, şəxsi işə qarışılması, fərdi sərhədlərin pozulması kimi qəbul edilir.

Şəxsi sərhədlər... Bu da son illərimizin dəbli sözüdür. Sosial şəbəkələrdə paylaşımların altından tez-tez belə tip tövsiyələrə rast gəlirik: "Özünə hörmət et, heç kimin sənə irad bildirməyə haqqı yoxdur" və s. Əslində, bunlar düz tövsiyələrdir. Hər kəsin "qırmızı xətti" olmalıdır, heç kimə münasibətdə həddi aşmağa icazə verilməməlidir. Bu, özünü qorumaq, öz dəyərini bilmək baxımından müsbətdir. Məsələ burasındadır ki, onun harada istifadə olunacağı əvvəlcədən öyrədilməyib. Axı hörmət və şəxsi sərhədlər bir-birinə çox yaxın məsafədələrdir. Nəticədə ya hörmət hesab edib həddindən artıq güzəştə gedirik, ya da "sərhəd" anlayışını yanlış yerə tətbiq edirik, hörmətsizlik yaranır. Hər iki hal əlavə problemlərə səbəb olur.

Bir haşiyə çıxım. Yaxınlarda iş yoldaşımla uzun müddət düşündürən söhbətimiz oldu. Nəsimidən danışırdıq və indiyə qədər heç yerdə eşitmədiyim fikri səsləndirdi. Onun sözlərinə görə, Nəsiminin həmin dövrdə ardıcıllarının çox olmasının səbəblərindən biri, bəlkə də ən vacibi, insanı hörmətli göstərməsi, ona dəyər verməsi idi. Hər gün adi səbəbdən ağlasığmaz işgəncələrə məruz qalan, qılıncdan keçirilən insanlar üçün bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Dövründə baş verən hadisələrə görə özünü bir əşyadan daha dəyərsiz hesab edən insana Nəsimi sədəf, inci, gizli xəzinə dedi, hər şeyin, bütün aləmlərin onun xatirinə yaradıldığını xatırlatdı. Ancaq onun bu "xatırlatması" dərisinin soyulmasına səbəb oldu.

İndi sual yaranır: XXI əsrdə insanlara bir-birinə hörmət etməyi öyrətmək üçün yenə dərimizin soyulmasımı lazımdır?

Hamı özünə hörmət tələb edir, ancaq başqalarına hörmət göstərmək ikinci plana düşüb. Fərdi dəyəri o qədər vurğulamışıq ki, kollektiv hörmət anlayışı kölgədə qalıb. Nəsimi kimi bir çox ziyalılar, ustadlar tarix boyu insanlara hörmətin dəyərini anlatmaq üçün ağır sınaqlardan keçiblər. İndi əsas məsələ budur: bunu "dərisi soyulmadan", daha ağrısız, daha şüurlu şəkildə necə edə bilərik?

Top
0.060096025466919