Çoxumuz yeməkdən sonra yuxululuq hissi ilə qarşılaşırıq. Çinin Sinxua Universitetinin alimləri bu hissin səbəblərini araşdırıblar və maraqlı nəticələr əldə ediblər.
Kriminal.Az-ın məlumatına görə, onların elmi işlərinin nəticələri nüfuzlu "Nature" jurnalında dərc edilib.
Təcrübə zamanı alimlər könüllülərin qida vərdişlərini müşahidə edərək, müxtəlif qida maddələrinin gündəlik oyaqlıq səviyyəsinə təsirini araşdırıblar. Məlum olub ki, ən çox yuxu istəyini karbohidratlı qidalar yaradır. Xüsusilə yüksək qlikemik indeksə (Qİ) malik qidalar yuxululuğa səbəb olur. Qlikemik indeks qidanın orqanizmə necə və nə qədər sürətlə daxil olduğunu göstərir.
Yüksək Qİ-li məhsullar arasında şirin meyvələr (ananas, qarpız, banan, xurma), fastfud, şirniyyatlar, çörək və şirin içkilər yer alır.
Tədqiqatda qeyd edilir ki, belə qidaları qəbul etdikdən sonra qanda şəkərin kəskin artması insulinin ifrazını stimullaşdırır. Bu da öz növbəsində yuxuya cavabdeh olan spesifik beyin neyronlarını aktivləşdirir.
Alimlərin fikrincə, bu mexanizm orqanizmə yeməkdən sonra enerji qorumağa kömək edir.
Qeyd etmək lazımdır ki, nahardan sonra yuxululuq, əgər çox ifadə olunmayıbsa və gündəlik fəaliyyətə mane olmursa, tamamilə normal haldır. Əgər yuxululuq həddindən artıq olursa, bu, yuxu pozğunluğunun və ya həkimə müraciət etməli olduğunuz digər sağlamlıq problemlərinin əlaməti ola bilər.