kriminal.az
KOB-ların yaşıl keçidi ilə bağlı bəyannaməni dəstəkləyən təşkilatların sayı artmaqdadır

2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) irəli sürdüyü "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"yə qoşulan təşkilatların sayı artmaqdadır.

Kriminal.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, artıq yerli və xarici ölkələrin 14 qurumu, beynəlxalq təşkilatlar və sahibkarlar şəbəkəsi müvafiq bəyannaməni dəstəkləyirlər. Belə ki, ötən ilin noyabr ayından etibarən bəyannaməyə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC), Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu (DAMU), Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsi (INSME), Vyetnam Sahibkarlıq Milli Assosiasiyası (VINEN), KOBİA, Beynəlxalq Ticarət Mərkəzi (ITC), Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, "Azərsun Holdinq", Asiya İnkişaf Bankı, Belarus Respublikasının İnvestisiya və Özəlləşdirmə üzrə Milli Agentliyi, Dünya İqlim Fondu və s. dəstəyini ifadə ediblər.

Qeyd edək ki, KOBİA tərəfindən hazırlanmış "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə" qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bəyannamə qlobal miqyasda istixana qazı emissiyalarının 50%-ni təşkil edən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulanlar kiçik bizneslərə yaşıl iqtisadiyyata keçid üzrə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bəyannamə, həmçinin Azərbaycanın yaşıl keçid və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə sayt da (www.greensme.org) yaradılıb.

Top
0.048496007919312