Qış mövsümünün müjdəçisi olan xurma (xırnik) şirin və qidalandırıcı meyvə olmaqla yanaşı, çox yeyilən zaman insan səhhətində bəzi problemlərə yol aça bilər.
Kriminal.Az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edirlər.
Onların sözlərinə görə, tərkibində A vitamini, kalium, fosforun bol olduğu bu meyvəni bəzi hallarda diqqətlə qəbul etmək lazımdır.
Xurma tərkibindəki pəhriz lifi və antioksidantlar sayəsində ürək sağlamlığını dəstəkləyir, damarları təmiz saxlayaraq ürək xəstəliyi riskini azaldır. Bundan əlavə, xurmanın tərkibindəki kalium qan təzyiqini tarazlayır. Həmçinin qabığındakı lutein göz xəstəliklərindən qoruyur. Meyvənin tərkibindəki antioksidantlar xərçəng və insult riskini azaltmağa kömək edir.
Mütəxəssislər vurğulayırlar ki, xurmanın orqanizmə verdiyi faydalarla yanaşı, onu yeyərkən nəzərə alınması lazım olan məqamlar da var:
"Xurmada təbii şəkər yüksək olduğundan şəkər xəstələri üçün uyğun olmaya bilər. Həddindən artıq qəbulu qan şəkərinin səviyyəsinin sürətlə artmasına və qəbizliyə gətirib çıxara bilər.
Bəzi insanlarda xurmaya allergik reaksiyalar yarana bilər. Qaşınma, şişkinlik və mədə-bağırsaq narahatlığı kimi simptomlar baş verə bilər. Belə simptomlar müşahidə edildikdə xurma qəbulu dayandırılmalıdır".