kriminal.az
Dünyada temperatur rekord yüksək səviyyəyə çatıb - HƏYƏCAN TƏBİLİ

2024-cü ildə qlobal temperatur rekord yüksək səviyyəyə çatıb. Bu, planetin 1.5°C-dən artıq istiləşmə dövrünə daxil olmasının əlaməti ola bilər.

Kriminal.Az-ın verdiyi məlumata görə, beynəlxalq alimlər qrupunun bununla bağlı tədqiqatlarının nəticələri "Nature Climate Change" jurnalında dərc edilib.

Məqalədə Ümumdünya Meteorologiya Təşkilatına istinadla bildirilir ki, 2024-cü il qlobal temperaturun 1.5°C-i keçdiyi ilk tam təqvim ili olub.

"Son 125 min ildə müşahidə edilməyən bu göstərici ciddi narahatlıq doğurur. Hər əlavə dərəcə daha ekstremal hava şəraiti və biomüxtəlifliyin itirilməsi deməkdir", - deyə alimlər xəbərdarlıq ediblər.

Kompüter modelləşdirməsindən istifadə edən tədqiqatçılar hesab edirlər ki, 2024-cü ildə bu həddin keçilməsi, növbəti 20 illik dövrdə 1.5°C-lik istiləşmənin davam edəcəyinin göstəricisidir.

İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun qiymətləndirmələrinə əsasən, 1.5°C həddində temperaturun saxlanılması qlobal istiləşmənin ən fəlakətli nəticələrindən yan keçməyə imkan verə bilər. Lakin artıq 2024-cü il mümkün gələcəyin reallığını göstərdi: dağıdıcı qasırğalar, yanğınlar və daşqınlar nəhəng iqtisadi zərərə səbəb olub.

Alimlər xəbərdarlıq edirlər ki, 1,5°C-lik istiləşmə mərcan riflərinin 90%-ə qədərinin məhv olması və quru ərazilərində yaşayan növlərin 14%-nin yox olması təhlükəsi yaradır. Əgər temperatur 2°C-yə qədər artmağa davam edərsə, bu Arktika buzlarının və əbədi donuşluğun əriməsinə, metanın ayrılmasına və dünya okeanının səviyyəsinin bir neçə metr qalxmasına səbəb ola bilər.

Top
0.12308597564697