kriminal.az

Təhsil sahəsində icra olunan çoxsaylı və fərqli layihələrdən biri də "İcma əsaslı məktəbəqədər təhsil" layihəsidir. Bu layihədə prosesin icrasının həyata keçirilməsi üçün müxtəlif iştirakçılar yer alır. Bəs görəsən, layihənin rəhbəri - məktəbəqədər təhsil müəssisəsinin direktoru qalib gəldikdə, icrası zamanı öz işçilərini prosesə cəlb edib, işlədə bilərmi?

Mövzu ilə bağlı Kriminal.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, qrant layihəsinə cəlb edilməyən müəllim bu fəaliyyəti icra edə bilməz:

"Hər hansı təşkilatdan qrant ayrılacaq layihənin detalları təklifdə qeyd olunur. Layihə iştirakçılarının siyahısı, görəcəkləri işlər, layihə rəhbərinin kim olacağı (direktor və ya başqası), layihədə iştirak edəcək pedaqoji heyət, digər işçilər və s. bunların hər biri layihənin təklif hissəsində detallı şəkildə yazılmalıdır. Qeyd olunmayan, adı çəkilməyən hər hansı bir şəxs sonradan layihəyə cəlb edilə bilməz, yaxud da adları keçən şəxslərin yerinə başqası işlədilə bilməz. Təklifdə qeyd olunan şəxslərin özləri cəlb edilməlidir, çünki onlara bu fəaliyyət ərzində müəyyən məbləğdə əməkhaqqı verilir. Qrant layihənin məbləğinə uyğun olaraq əməkhaqqı ilə təmin olunur. Bir sözlə, layihənin tərkib forması dəqiqləşməli, bütün iştirakçılar (müəllim, mühasib və s.) barəsində məlumatların hər biri təklifdə öz əksini tapmalıdır".

Ekspertin sözlərinə görə, qeyd olunan layihə məktəbəqədər təhsil müəssisələrində 3-4 yaşlı uşaqların biliyinin artırılması, inkişaf etdirilməsi istiqamətində atılan addımdır:

"İcma əsaslı məktəbəqədər təhsil" layihəsi 2017-2018-ci tədris ilindən başlayaraq potensiallı uşaqlara istər məktəbəqədər təhsil müəssisələrinə, istər ibtidai təhsil müəssisələrinə dəstək formatlı hazırlıq qruplarının formalaşdırılması üçün hazırlanıb. Bu layihənin əsas məqsədlərindən biri məktəbəqədər təhsil müəssisələrində 3-4 yaşlı şagirdlərin biliyinin artırılması, inkişaf etdirilməsi istiqamətində atılan addımdır. Bu, həm də gələcəkdə həmin uşaqların ümumi təhsilinə təsir göstərməyə hesablanıb".

Ekspert bildirib ki, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi xüsusilə rayon məktəbəqədər təhsil müəssisələrində potensiallı uşaqların üzə çıxarılması istiqamətində məktəbəqədər və ibtidai təhsilə olan müəyyən dəstəkdir:

"Layihə biliyin mənimsənilməsi, gələcəkdə bacarıqlı uşaqların üzə çıxarılması istiqamətində göstərilən təhsil formasıdır. Burada uşaqlara dörd istiqamətdə məşğələlər keçirilir:

1. Sosial, emosional inkişaf;

2. Ümumi dərketmə qabiliyyətinin yoxlanılması;

3. Yaradıcı qabiliyyətin üzə çıxarılması;

4. Fiziki inkişafın təmin edilməsi.

Sözügedən qruplarda həm valideynlərin, həm məktəbəqədər təhsil müəssisəsinin, həm də icma qruplarının birgə fəaliyyəti əsas diqqət mərkəzində olur. Valideynlərin prosesə cəlb olunmasında məqsəd uşaqların müəyyən potensiallara malik olub-olmamasını yoxlamaq xarakteri daşıyır. Məsələn, uşağa araşdırma xarakterli tapşırıq veriləndə onun bunu araşdırmaq istiqamətində üz tutduğu yollara diqqət edilir. Məsələn, bir şəhid barəsində araşdırma aparılarkən, uşaq bildiyi şəhid varsa, onun yaxınlarına, yoxdursa, öz valideyninə müraciət edir. Nəisə öyrənmək üçün cəhd göstərirsə, bu, 3-4 yaşlı bir uşaq üçün böyük addım hesab olunur. Valideynlərlə birgə fəaliyyət məhz bu istiqamətdə ortaya çıxır".

Xatırladaq ki, 2023-2024-cü tədris ilində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi 55 şəhər və rayonda təşkil edilib, 931 qrupda ümumi 16000 nəfər üç-dörd yaşlı uşağı əhatə edib.

Aygün Mirakif

Top
0.052288055419922