kriminal.az
Ağdamda bərpa və quruculuq işləri öz axarında davam edir

Ağdamda bərpa və yenidənqurma işləri sürətlə aparılır. Şəhərdə tikintisi davam edən müəssisələrin bir qismində görülən işlər yekunlaşmaq üzrədir.

PhotoStock.Az-ın əməkdaşı Ağdamdan fotoreportaj hazırlayıb.

Ağdam şəhərində tikintisi davam edən "Hilton Garden İnn" hotelinin ümumi sahəsi 2,16 hektar, 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görülüb. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır. Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır.

Tikintisi başa çatmaq üzrə olan Ağdam Muğam Mərkəzinin ümumi sahəsi 1,4 hektardır. Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında mütəxəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var. İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək.

Ağdam Muğam Mərkəzinin ərazisində 1 250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib. Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır.

Ümumi sahəsi 14 hektara yaxın olan Ağdam şəhərində tikintisi davam edən 1 268 mənzilli 2-ci yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır. Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

Ağdam şəhərində yerləşən Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq "Ağdam-2" yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilib. Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək.

Ağdam şəhərində yerləşən "Ağdam Residence" yaşayış kompleksi 1,55 hektar ərazidə ilkin altı yaşayış binası olaraq inşa edilib. Kompleksdəki binalar altımərtəbəlidir və ümumi blokların sayı 11-dir. Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır. Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb.

Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Ümumi tikinti sahəsi 4 300 kvadratmetrdən çox olan yeni məktəb - Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir.

Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin səkkiz STEAM otağı olacaq. Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Daha çox foto burada: PhotoStock.Az

Top
0.055667877197266