kriminal.az
Rusiyalı jurnalist AZAL-ın qəzaya uğramış təyyarəsi barədə:

Rusiyanın "Jivoy Qvozd" "YouTube" kanalında dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması haqqında veriliş yayımlanıb.

Kriminal.Az xəbər verir ki, bu verilişdə "Novaya qazeta" jurnalının xüsusi müxbiri, jurnalist İrina Tumakova danışıb.

İrina Tumakova Bakıda olub və insanları xilas edərək, özlərini qurban verən komandir İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və bort bələdçisi Hökumə Əliyevanın həyatını araşdırıb, onların ailələri ilə görüşüb.

"Məqalədə söhbət sərnişinləri xilas etmək üçün əlindən gələni edən insanlardan gedir. Çünki belə çətin şəraitdə bu qədər zədələnmiş təyyarəni xilas etmək mümkün deyildi. Bir neçə pilotla danışdım və onlar mənə dedilər ki, komandir İqor Kşnyakinin gördüyü iş fantastikdir. Biz bu insanların kim olduğunu, buna nail olmaq üçün nə etdiklərini, ümumilikdə 29 nəfəri necə xilas etdiklərini, bunu necə bacardıqlarını anlamalı idik", - Tumakova bildirib.

Jurnalist qeyd edib ki, Aleksandr Kalyaninov 40 il uçuş edib və bütün həyatı boyu pilot olmaq arzusunda olub.

"O, 15 min saatdan çox uçuş edib, bunun yarısını "Embraer"də komandir olub. Kalyaninovun 17 və 14 yaşlı gözəl və istedadlı iki qızı var. O, həyat yoldaşı ilə 20 il evli olub, bu, onun ikinci evliliyi idi. Bakıda doğulub, özünü azərbaycanlı hesab edib, Birinci Qarabağ müharibəsi zamanı döyüşüb. O rusdur, amma həm də azərbaycanlıdır", - Tumakova qeyd edib.

O bildirib ki, Qazaxıstanın aviadispetçerlərinin də köməyi danılmazdır. Onlar özlərini tamamilə qəhrəmancasına aparıblar, təyyarənin düz enə bilməsi üçün hava limanını təmizləyiblər.

Tumakova qeyd edib ki, bort bələdçisi Hökumə Əliyeva əla təhsil alıb - o, hüquq fakültəsini, magistraturanı, doktoranturanı bitirib və hakim olmaq, vəkil statusu almaq arzusunda olub.

"Hökumə Əliyeva 2016-cı ildə stüardessa kimi işə düzəlib və o vaxtdan orada işləyib. Ötən ilin sentyabrında o, həmin aviaşirkətdə hüquq məsləhətçisi vəzifəsində vakansiya tapıb və yanvarın 2-dən bu vəzifədə işləməli idi. 25 dekabr onun son uçuşu idi", - müxbir vurğulayıb.

Tumakova qeyd edib ki, ikinci pilot Aleksandr Kalyaninovun təcrübəsi olmasa da, uşaqlıqdan çox diqqətli, çox məqsədyönlü, çox düşüncəli, ciddi bir oğlan olub.

"Aleksandr elit liseydə oxuyub. O, uşaqlıqdan pilot olmaq arzusunda olub və özü qərar verə bilən insan idi", - deyə o əlavə edib.

Məqalənin "Bir tək Rusiyadan zəng gəlmədi" başlığına gəlincə, o qeyd edib ki, bu hadisədən sonra Rusiya layiqincə üzr istəməyib, sərnişinləri xilas edən insanlara təşəkkür etməyib, baxmayaraq ki, xilas edilənlər arasında öz vətəndaşları da olub.

Top
0.05036997795105