"Bu gün məni boya-başa çatdıran adamın qəbri də yoxdur. Bu necə həyatdır?! Sabah Xocalıya getsəm, hansı daşı qucaqlayım? Mən heç vaxt başqasının yerində olmaq istəməmişəm, amma bircə yaxınlarının məzarını ziyarət edənlərin yerində olmaq istəmişəm..."
Bunu Kriminal.Az-ın əməkdaşı ilə söhbətində Xocalı soyqırımı zamanı əsir düşmüş Əbülfət Kərimov deyib.
Həmsöhbətimiz bildirib ki, o, həmin dövrdə kənddə avtobazada mexanik kimi çalışıb və könüllü batalyonunun üzvü olub:
"Həmin dövrdə Xocalının ətraf kəndlərinin hamısı işğal olunmuşdu və bizim də mühasirəyə düşəcəyimiz gözlənilirdi. Dəqiq vaxtı bilməsək də, bunun qaçılmaz olduğunu anlayırdıq. Ailə üzvlərimi kənddən çıxara bilmişdim, amma atamı çıxarmağa macal tapmadım. Onu da təhlükəsiz yerə aparıb, özüm mübarizəni davam etdirmək istəyirdim.
Xocalını tərk etmək çətin idi, ancaq vertolyotla çıxmaq mümkün idi, onu da ermənilər vurmağa çalışırdılar. Vertolyot enənə qədər göydə dəfələrlə dövrə vururdu. Bizim kənd hər tərəfdən dağlarla əhatə olunub, aşağıda yerləşir, ermənilər isə yüksəklikdə qərar tutmuşdular. Fevralın 25-də 366-cı motoatıcı alayın zirehli texnikası kənddən keçəndə anladıq ki, o gecə hər şey dəyişəcək".
Silahımız yox idi, iki nəfərə bir avtomat götürürdük
Ə.Kərimov fevralın 25-dən 26-na keçən gecə postda olduğunu deyir:
"Kənddə polisimiz, Milli Ordunun əsgərləri var idi, kənardan cəmi 22-25 nəfər köməyə gəlmişdi. Silahımızın az olmasına baxmayaraq, hər kəs son gülləsinə, son damla qanına qədər müdafiə olunmağa çalışdı, amma gücümüz tükənəndə kəndi tərk etmək məcburiyyətində qaldıq".
Meşədə hər addımda bir meyit vardı
O söyləyir ki, həmin gecə kənd camaatının tək ümid yeri meşə olub:
"Kənddən çıxanda atamla birlikdə idik. Qarlı, şaxtalı havada Qarqarçayı yalınayaq keçməyə çalışdıq. Çayın yarısınadək daş var idi, atam birtəhər addımlayırdı. Sonra daşlı yer bitdi və atam yeriyə bilmədi deyə onu çiynimə almalı oldum. İkinci addımda gücümü itirdim, çaya yıxıldıq. Atam ayaqqabılarını çıxarmasa da, mən soyunub əlimə almışdım. Çaydan çıxanda ayaqqabılarımı itirdim. Qaranlıq, soyuq gecədə bir çətinliklə ayaqqabılarımı tapıb, yaş corablarımı sıxıb geyindim. Çətinliklə meşəyə tərəf qalxmağa çalışdıq. Atama görə yavaş-yavaş gedirdik. Elə vəziyyət idi ki, bir-birini gözləməyə imkan da yox idi. Qar elə yağırdı ki, izi itirirdi. Meşədə ağacları, kolları saya bilərdin, amma meyitlərin sayı bitmirdi. Hər addımda qarın altında bir ana, bir uşaq var idi...
Meşənin ucu-bucağı yox idi. Biz oraya əvvəllər ancaq yolka ağacı gətirmək üçün gedirdik. Kim düşünərdi ki, belə bir qırğın olacaq, yolları, izləri öyrənsin? Bir zirvəni aşanda düşünürdük ki, bundan sonra düzənlik gələcək, amma yenə qarşıda dağ görünürdü. İnsanlar ümidlə dağın zirvəsinə qalxır, orada da donub qalırdılar. Kaş o qarın yerinə daş yağaydı... İnsanlar belə əziyyətlə ölməyəydilər..."
Bir həftəyə yaxın meşədə qaldıq
Həmsöhbətimiz deyir ki, uşaqlar, qadınlar şaxtaya, aclığa dözə bilməyərək bir-bir həyatlarını itirirdilər:
"Gecə kolun altında daldalanırdıq ki, səhər hava işıqlananda yolumuza davam edək. Gözümüzü açanda yanımızda üç-dörd nəfərin öldüyünü görürdük. Yeməyə heç nə yox idi, ancaq qar yeyirdik.
Günorta çağı Dəhrəz kəndinə yaxınlaşanda tüstü gördüm. Orada sağ qalan yerli sakinlər var idi. Ocağı meşənin dərinliyinə çəkmək istədim, amma heç kəsdə taqət, tərpəniş yox idi. Birtəhər ocağı meşənin dərinliyinə çəkib oradakıları da ocağın yaxınlığına aparmağa çalışdım. Orada Səfəralı kişi, Səltə xanım, uşaqları, nəvələri var idi. Səfəralı kişini atamın yanına aparandan sonra geri qayıdıb digərlərinə də kömək etmək istədim. Səltə xanım gəlini və nəvələri ilə birlikdə idi. Məndən onlara da yardım etməyimi istədi. Biz nə qədər çalışsaq da, gəlinini yerindən tərpədə bilmədik. Ölübmüş. Səltə xanıma dedim, heç olmasa, uşaqları da götürüb özləri ocağın yanına gəlsinlər, amma gəlmədilər. Səhər açılanda hamısı donub ölmüşdü. Səfəralı kişi yıxılıb dərəyə düşərək ölmüşdü..."
Bir qurtum su verəndə dörd-beş gün su, çörək vermirdilər
Ə.Kərimov mühasirəyə düşəndə atasını meşədə itirib:
"Məni tutdular. İki ay yarım əsirlikdə qaldım. Əsirliyi aclıq, susuzluq, döyülmə, işgəncələrlə xatırlayıram. Sonra məni bir erməni qadınla dəyişib əsirlikdən azad etdilər".
O, valideynlərini xatırlayır, onlardan danışdıqca kövrəlir, səsi titrəyir:
"Atam 1941-45-ci illər müharibəsində döyüşmüş, Berlinə kimi gedib çıxmışdı, amma bu müharibədən qurtula bilmədi. Bu gün məni boya-başa çatdıran adamın qəbri də yoxdur. Bu necə həyatdır?! Sabah Xocalıya getsəm, hansı daşı qucaqlayım? Mən heç vaxt başqasının yerində olmaq istəməmişəm, amma bircə yaxınlarının məzarını ziyarət edənlərin yerində olmaq istəmişəm. Yazıq anam da Bakıda Xocalı deyə-deyə öldü..."
İndi Xocalı azaddır
Söhbətimizi müsbət notlarla tamamlayırıq, çünki Xocalı artıq düşmən tapdağından azaddır:
"Allah şəhidlərimizə rəhmət eləsin! Vaxtilə ölən, döyülən biz olmuşuq, günahkar çıxarılan da. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra həqiqət dünyaya sübut olundu. Ağ qaradan seçilməyə başladı. Dünya başa düşdü ki, günah kimdədir. Bundan sonra bizə münasibət dəyişdi. Kaş ulu öndər hakimiyyətə tez gələydi. Belə olsaydı, bu qırğınlar olmazdı. Allah onun yolunu davam etdirən Prezident İlham Əliyevin də canını sağ eləsin! Mən inanırdım ki, biz onun müdrik siyasəti nəticəsində qalib gələcəyik. İndi kəndimiz azaddır, gediş-gəliş var. Bircə istəyim qəbri olmayanlar üçün Xocalıda bir abidənin qoyulmasıdır. Gedib sarıla biləcəyim bir daş olsun..."
Aləmdə Nəsib