kriminal.az
Ucarda sakinlər internetdən ŞİKAYƏT EDİRLƏR: Kəndin bir hissəsinə çəkilib, bir hissəsinə yox

Ucar rayonunun Küçəkənd kəndində sakinlər internetlə tam şəkildə təmin olunmaması ilə bağlı narazılıqlarını bildiriblər.

Bu barədə Kriminal.Az-a edilən müraciətdə bildirilir ki, kəndin bir hissəsinə internet xətti çəkilsə də, digər hissə hələ də internetsizdir.

"Kəndin çox hissəsində internet var, amma bizdə yoxdur. Müraciət etsək də, gəlib çəkmirlər", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Kriminal.Az-ın sorğusunu cavablandıran "Aztelekom" MMC-dən bildirilib ki, sözügedən müraciət araşdırılıb.

"Ərazidə yüksəksürətli telekommunikasiya xidmətlərinin göstərilməsinə imkan verən optik şəbəkə (GPON) layihəsinin tətbiqi üzrə işlər yekunlaşıb. Vətəndaş xidmətlərdən yararlanmaq üçün müraciət etmədiyindən qoşulma təmin edilməyib.

Əməkdaşımız vətəndaşla əlaqə saxlayıb və sənədləşmə işləri üçün "Aztelekom"un Aran regional filialının Ucar şöbəsinə, həmçinin rəsmi internet səhifəsinə (www.aztelekom.az) onlayn müraciət etməyi tövsiyə edib. Vətəndaşın müraciəti əsasında müqavilə bağlandıqdan sonra xidmətlərə qoşulması təmin ediləcək.

Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı "Aztelekom"un 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzinə - "170" qısa nömrəsinə müraciət etmələri xahiş olunur",- deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova

Top
0.056640148162842