kriminal.az
Respublikanın avtomobil yollarındakı vəziyyət AÇIQLANDI

"Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq respublikanın avtomobil yollarında vəziyyət nəzarət altındadır".

Bu barədə Kriminal.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

"Hazırda bəzi ərazilərdə qarın yağması davam edir. Bu səbəbdən təmizlənən ərazi bir müddət sonra yenidən qar örtüyü altında qala bilir. Dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarının bəzi hissələrində şaxta müşahidə olunmaqdadır.

Gecə boyu və bu gün səhər saatlarında da hərəkətin açılması üçün agentlik əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb.

Bir daha sürücülərdən xahiş olunur ki, qış təkərləri ilə təchiz olunmayan avtonəqliyyat vasitələri ilə dağlıq ərazilərdən keçən yollardan, aşırım hissələrdən istifadə etməsinlər. Alternativ olaraq, Ələt-Hacıqabul-Kürdəmir yolundan istifadə edə bilərlər.

Dağlıq ərazilərdə yaşayan vətəndaşlarımız bu cür hava şəraitinə adətən hazırlıqlı olduqları üçün onların idarə etdikləri nəqliyyat vasitələrinin hərəkətində hər hansı ciddi problemlər müşahidə olunmur. Problem yarandıqda isə əraziyə əməkdaşlarımız və xüsusi texnika cəlb olunaraq aradan qaldırılır. Problem xüsusən həmin yollardan gəlib keçən və bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrində müşahidə olunur ki, onlar da qış təkərləri ilə təchiz olunmayan nəqliyyat vasitələridir", - deyə A.Nəcəfli vurğulayıb.

Əzizə İsmayılova

Respublikanın magistral avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hazırda:

- Bakı-Quba-Rusiya sərhədi yolunda (40-cı km-dən başlayaraq)

- Bakı-Şamaxı-Yevlax yolunda (30-cu km-dən başlayaraq)

- Gəndob-Yalama yolunda ( 41-ci km-dən başlayaraq)

- Bakı-Qazax-Gürcüstan sərhədi yolunda (251-ci km-dən başlayaraq)

- Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunda

- Qaraməryəm-İsmayıllı-Şəki yolunda (93-cü km-dən başlayaraq)

- Ağsu aşırımında fasilələrlə qar yağışı müşahidə olunur.

Bildirilib ki, yollarda hər hansı məhdudlaşma yoxdur. Yolların qardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Təhlükəli hesab edilən yol sahələrində Dövlət Yol Polisi əməkdaşları tərəfindən xidmət gücləndirilib.

"Bir daha sürücülərdən hava şəraitini nəzərə alaraq, ehtiyatlı olmaları və təhlükəsiz sürmə prinsiplərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Top
0.050683975219727