"Bu gündən "Yüksəliş" müsabiqəsinin beşinci mərhələsinə qeydiyyat başlayıb. Qeydiyyat "Yüksəliş" müsabiqəsinin rəsmi internet səhifəsi olan Yukselish.az vasitəsilə həyata keçirilir və aprelin 10-na kimi davam edəcək" .
Kriminal.Az xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci müsabiqə üçün keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, qeydiyyat saat 10-da başlayıb, artıq 1 000-ə yaxın şəxs qeydiyyatdan keçib.
F.Hacıyev "Yüksəliş" müsabiqəsinin dörd mövsümünün nəticələri barədə hesabat təqdim edib, müsabiqənin keçirildiyi dövr ərzində əldə olunan uğurlar, iştirakçıların statistikası və qaliblərin nailiyyətləri barədə məlumat verib.
O bildirib ki, "Yüksəliş" müsabiqəsi ölkədə liderlik potensialının artırılması və innovativ idarəetmə bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilib.
Konfrans zamanı yeni mövsümdə istifadəyə verilən müsabiqənin rəsmi internet səhifəsi mətbuat nümayəndələrinə təqdim olunub və saytda edilmiş yeniliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, saytın daha funksional olması üçün bir sıra yeniliklər tətbiq edilib ki, bu da qeydiyyat prosesinin daha asan və rahat olmasına imkan yaradıb.
Tədbirdə, həmçinin beşinci mövsümün tanıtım çarxı nümayiş olunub.
Qeyd edilib ki, beşinci "Yüksəliş" müsabiqəsi bu dəfə də idarəetmə sahəsində peşəkar inkişafı və liderlik potensialını ortaya qoymaq istəyən namizədlər üçün böyük imkanlar vəd edir.
Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az iki il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər. "Yüksəliş" müsabiqəsi qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla beş mərhələdən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən namizədlər Yukselish.az rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər.
Bildirilib ki, indiyə qədər keçirilmiş "Yüksəliş" müsabiqələri böyük maraqla qarşılanıb və geniş iştirakçı kütləsini əhatə edib. Birinci müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib və yekunda 27 qalib seçilib. İkinci müsabiqədə isə 12 299 nəfər qeydiyyatdan keçib və 22 nəfər qalib adını qazanıb. Üçüncü müsabiqədə 13 474 namizəd iştirak edib və 22 nəfər qalib müəyyənləşib. Dördüncü "Yüksəliş" müsabiqəsində isə 15 877 şəxs qeydiyyat mərhələsini uğurla tamamlanıb, 25 nəfər müsabiqənin qalibinə çevrilib.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq sərəncam imzalanıb.
Aləmdə Nəsib