kriminal.az

Xırdalanda avtomobil yollarından biri sıradan çıxıb.

Bu barədə sakinlər Kriminal.Az-a ünvanladıqları şikayətdə qeyd ediblər.

Onların sözlərinə görə, hər il yeni asfalt salınmasına baxmayaraq, qısa müddətdə yol dağılır:

"Yolun dağılma səbəbi keyfiyyətsiz asfalta görədir. Bir dəfə yağış, qar yağan kimi sıradan çıxır. Ətrafa yığılan su isə pis qoxu verir. Bura şəhərdir. Nə qəsəbə, nə də kənddir. Bizim problemimiz nə qədər böyük məsələdir ki, hələ də həll edilmir? İllərlə davam edir".

Məsələ ilə bağlı Kriminal.Az-ın sorğusuna cavab olaraq Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sözügedən ərazidə cari təmir işləri aparılacaq:

"Xırdalan şəhərindəki Akademik Həsən Əliyev küçəsində bu ilin yanvar ayında nümayəndəlik tərəfindən cari təmir işləri həyata keçirilib. Lakin son intensiv qar və yağışdan sonra ərazidə yenidən çalaların əmələ gəldiyi müşahidə olunur. Ona görə də yağıntılı havalar bitdikdən sonra Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən sözügedən küçədə yenidən cari təmir işləri aparılacaq.

Onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir. Akademik Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Belə ki, 1b texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 28 km, hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı altıdır.

Layihə üzrə müxtəlif (əsasən, boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri "İnşaat Norma və Qaydaları"na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keyfiyyətlə icra olunur", - deyə cavabda qeyd olunub.

Aygün Mirakif

Top
0.052031993865967