kriminal.az
Rəngli fənərlər, ilahi oxuyan nağaraçılar - Ramazan müxtəlif mədəniyyətlərdə necə qeyd olunur?

İslam təqviminin doqquzuncu ayı olan mübarək Ramazan Ayın görünməsi ilə başlayır və hər il müxtəlif tarixlərə təsadüf edir.

Ramazan yeni Ayla başa çatır. Ramazanın son günü - Fitr bayramında qohum-qardaş, dost-tanış, ailələr bayram süfrəsində bir araya gəlirlər. Bu bayram şükür, bağışlanma və islah vaxtı hesab olunur.

Azərbaycan, Türkiyə, Misir, Suriya, Mərakeş, İndoneziya, Pakistan, Hindistan, İran, BƏƏ və digərləri Ramazan bayramını qeyd edən ölkələr sırasında yer alır.

Qeyri-müsəlman hesab edilən Böyük Britaniya, Kanada, ABŞ və bəzi Avropa ölkələrində də Ramazan ayı şövqlə qarşılanır.

Ramazan ayında hər ölkə özünəməxsus adət-ənənələri ilə seçilir, süfrəyə qoyulan təamları ilə fərqlənir.

Azərbaycanda müxtəlif təamlar süfrənin bəzəyinə çevrilir. Qubada ləvəngi dolması, sacüstü yeməklər, müxtəlif şirniyyatlar, Şəkidə isə paxlava və piti süfrənin seçilən nemətləri sırasında yer alır. Lənkəranlılar arasında isə Ramazanın sevimli yeməyi balıq və düyüdür. Qarabağlılar bu ayda süfrələrindən qovurma, aş, qutabı əksik etmirlər.

Əfqanıstanlılar iftar süfrələrində "Aay xanım", pakaura, mantu, bolani kimi yeməklərə üstünlük verirlər.

Cənubi Asiya müsəlmanlarının iftar yeməyinə başlanğıc olaraq samosalar, pakoralar və ya soğan bhajiləri daxildir. Bunun ardınca biryani, karrili toyuq, ət, çapattis və ya düyü ilə tərəvəz gəlir, bəzi insanlar iftar yeməyi üçün balığı seçirlər.

Misirdə insanlar sahur üçün xurma, əncir və digər meyvələrdən hazırlanan, meyvəli mürəbbə olan "Xçaf"dan istifadə edirlər. Qatayef Ramazan ayında Misirin sevimli desertidir.

Türkiyəlilərin iftar süfrəsinin seçilən şirniyyatı paxlavadır. Təzə bişmiş, isti Ramazan pidesi və türk qəhvəsi onların ən çox sevdiyi təamlardır.

Özbəkistanda süfrədə mütləq yer alan qida təndirdə bişmiş xırtıldayan və yağlı çörəkdir. Mərakeşdən gələn, şorbaya bənzəyən "Harirə" və Suriyada "Maaruk" adlı börək də Ramazan ayında oruc tutanların sevimli yeməyidir.

Dünyada Ramazan adət-ənənələri

Mərakeş

Mərakeşin şəhər "fəryadçı"ları, yaxud nafarlar sübh vaxtı namaz qılırlar. Ənənəvi "qandora" paltarı, başmaq, papaq geyinən nafar şəhər məhəllələrini gəzərək ailələri sahura oyatmaq üçün "buynuz" adlanan alətini çalır.

Nafar dürüstlüyü ilə seçilən şəxs olur. Bu ənənə yeddinci əsrdən başlayır. Deyilənə görə, Məhəmməd peyğəmbərin bir səhabəsi səhər tezdən melodik dualar oxuyaraq küçələrdə gəzirmiş.

İndoneziya

"Padusan" (təmizlənmək) İndoneziyanın əsas ənənəsidir. Burada müsəlmanlar Ramazandan bir gün əvvəl özlərini mənəvi və fiziki cəhətdən təmizləmək üçün müxtəlif ayinlər keçirirlər.

Suriyada top atəşi

"Midfa-əl-iftar" kimi tanınan bu ənənənin Misirdə 15-ci əsrdə məmlük sultanı Seyfəddin Xoşqədəm (1461-67-ci illərdə hakimiyyətdə olub) tərəfindən idarə edildiyi vaxtdan başladığı deyilir. Hökmdar gün batarkən yeni topu sınaqdan keçirəndə təsadüfən atəş açıb. Səs bütün Qahirədə əks-səda verib. Bir çox insan bunu orucun bitdiyini bildirməyin yeni yolu kimi qəbul edib. Sonradan Suriya və Livan kimi digər ölkələr də bu ənənədən istifadə etməyə başlayıblar.

Misirlilərin rəngli fənərləri

Müqəddəs ayda misirlilər küçələri rəngarəng şüşəli, metal şəbəkəli "fanus" adlanan fənərlərlə bəzəyirlər. Bu fənərlər birliyi, sevinci simvollaşdıran amil hesab olunur.

Türkiyədə sahur

Bir çox Yaxın Şərq ölkələrindəki kimi, Ramazanda 20 000-dən çox nağara ifaçısı müsəlmanları sahura qaldırmaq üçün Türkiyə küçələrini dolaşır. Ramazan "davulçusu" ənənəvi Osmanlı geyimində olur, o bununla yanaşı, fəs və jilet geyinir. Müxtəlif ilahilər səsləndirərək insanları sahura oyandırırlar. Sahura oyananlar ürəklərindən gəldiyi qədər onlara pul da verirlər.

BƏƏ-də uşaqların şirniyyat mahnıları

Bəhreyndə başlayan "Həq əl-Leyla" ənənəsi Ramazan ayının 13, 14, 15-ci günündə icra olunur. Uşaqlar al-əlvan geyinir, məhəllədə ənənəvi yerli mahnılar oxuyaraq şirniyyat toplayırlar. Ərəb dilində "bizə ver və Allah səni mükafatlandıracaq, Məkkədə Allahın evini ziyarət etməyə kömək edəcək" kimi tərcümə olunan "Aatona Allah Yutikom, Bait Makkah Yudikum" mahnısı ilə bu ənənə bütün Körfəz ölkələrində icra edilir. Bu, güclü sosial bağların, ailə dəyərlərinin əhəmiyyətini vurğulayır.

Ramazan müxtəlif ölkələrdə fərqli adətlərlə qarşılansa da, onları birləşdirən cəhət oruc tutmaq, Allahdan günahların bağışlanmasını diləmək, mənəvi cəhətdən təmizlənməkdir. Bu ayda insanlar savab əməl sahibi olmağa çalışırlar.

Aygün Mirakif

Top
0.053167819976807