Verdiyi qanla iki milyondan çox körpənin həyatını xilas edən avstraliyalı Ceyms Harrison vəfat edib.
Kriminal.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Bildirilir ki, 88 yaşlı Harrison Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən qocalar evində yuxuda olarkən dünyasını dəyişib.
Qeyd edək ki, "qızıl əlli adam" kimi tanınan Harrisonun qanında nadir "Anti-D" antitelləri var idi. Bu maddə, hamiləlik zamanı qan qrupu uyğunsuzluğu səbəbindən doğulmamış körpələrin həyatını təhlükəyə atan analara verilən dərmanların hazırlanmasında istifadə olunurdu.
Harrison 14 yaşında ağır sinə əməliyyatı zamanı qan köçürüləndən sonra donor olmağa qərar verib. O, 18 yaşından etibarən hər iki həftədən bir plazma verməyə başlayıb və bunu 81 yaşına qədər davam etdirib. 2005-ci ildə o, dünyanın ən çox plazma verən donoru kimi rekord qırıb. Bu titulu 2022-ci ilə qədər qoruyub saxlayıb, daha sonra amerikalı donor onu keçib.
Harrisonun qızı Treysi Melloşip atasının heç bir xərc çəkmədən və ağrı hiss etmədən bu qədər insanın həyatını xilas etməsindən böyük qürur duyduğunu bildirib.
"O, həmişə deyirdi ki, bu proses heç ağrılı deyil və sənin xilas etdiyin həyat bir gün sənin öz həyatın da ola bilər", - deyə qızı əlavə edib.
Treysinin sözlərinə görə atası, onun səxavəti sayəsində övladları dünyaya gələn ailələrin hekayələrini eşitməkdən çox məmnun olurdu.
Qeyd edək ki, "Anti-D" peyvəndləri, doğulmamış körpələri ölümcül qan xəstəliyi - hemolitik xəstəlikdən (HDFN) qoruyur. Bu xəstəlik hamiləlik zamanı, ananın qırmızı qan hüceyrələrinin körpənin qan hüceyrələri ilə uyğun gəlmədiyi hallarda yaranır.