Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 10/b ünvanındakı yaşayış binasının sakinləri birinci mərtəbədə fəaliyyət göstərən "XS lounge" gecə klubundan şikayətçidirlər.
Bu barədə sakinlər Kriminal.Az-a məlumat veriblər.
Onlar bildiriblər ki, klubdan saat 21:00-dan 06:00-a kimi musiqi səslərinin gəlməsi onları narahat edir:
"Klubda müxtəlif fişənglər ilə şou göstərilir, bu da yaşayış binasında yanğın təhlükəsi yaradır. Məkanda insana mənfi təsir edən musiqilər səsləndirilir. Hər gün obyektin qarşısında sərxoş şəxslərin qeyri-etik ifadələrlə qışqırıq səsləri bina sakinlərinin istirahət hüququnu pozur, narazılığa səbəb olur".
Sözügedən şikayətlə bağlı "XS lounge" gecə klubundan Kriminal.Az-ın suallarına cavab olaraq bildirilib ki, istirahət hüququnun pozulduğunu iddia edən şəxs məhkəməyə müraciət edə bilər:
"Bu şikayətlərin heç bir əsası yoxdur. Yanğına səbəb olacaq heç bir təhlükə yoxdur. Binada bütün təhlükəsizlik tədbirləri görülüb. Yanğından mühafizə vasitələrinin hər biri vaxtında yenilənir. Məkanı dəfələrlə gəlib yoxlayıblar. Hər şey qaydasındadır. Məkanın səs izolyasiyası da çox yaxşıdır. Bir metr qarşıya belə səs çıxmır".
Qeyd edək ki, "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"na görə, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları desibellərlə (dB) ölçülür. Kafe, restoran və yeməkxanaların zalları üçün bu norma 65 dB müəyyən edilib. Bu normaların pozulmasına nəzarət edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qurumun keçirdiyi reyd və ya daxil olan şikayət əsasında aparılan araşdırma zamanı səs-küyün müəyyən edilmiş normadan artıq olması müəyyən edilərsə, o halda inzibati protokol tərtib edilir.
İnzibati Xətalar Məcəlləsinin (İXM) 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğlərdə cərimə edilirlər.
Aygün Mirakif