kriminal.az
Buraxılış imtahanının sualları çətin salınıb?

Martın 9-u Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

İmtahan prosesində iştirak edən abituriyentlərin bir qismi sualların həddindən artıq çətin olduğunu, hazırlığa getməyən heç kəsin yaza bilməyəcəyini söyləyiblər.

İngilis dilindən sualların çox çətin olduğunu deyən abituriyentlər də az deyil.

Bir həftə öncə keçirilən buraxılış imtahanının martın 9-da keçirilənə nisbətdə asan olduğu da vurğulanıb.

Ötən gün imtahan prosesində iştirak edən abituriyent Nicat Hüseynov Kriminal.Az-a açıqlamasında qeyd edib ki, uşaqların çoxu riyaziyyat fənnindən çətinlik çəkib:

"Bizə dərsdə keçilən, imtahana düşmə ehtimalı olan sualların heç birini buraxılış imtahanında görmədim. Uşaqların çoxu riyaziyyatda çətinlik çəkib. Mənə Azərbaycan dili və ingilis dilindən suallar gözlədiyimdən asan gəldi. Variantlar fərqli, sualların yerləri dəyişik olduğu üçün köçürmək istəyənlər də köçürə bilmirdilər".

Suallar barədə öz fikirlərini Kriminal.Az ilə bölüşən elm və təhsil üzrə ekspert, "ELM" ictimai birliyinin sədri Səbuhi Abdullayev qeyd edib ki, ötən həftə keçirilən imtahana nisbətən martın 9-da keçirilən imtahan daha çətin olub:

"İki və doqquz mart tarixləri arasında keçirilən imtahanlarda əsas fərq ondan ibarət idi ki, martın 9-u keçirilən imtahanda açıq suallar, xüsusən də riyaziyyat fənni ilə bağlı açıq test tapşırıqları martın 2-də keçirilən imtahana nisbətən çətin salınıb.

Bu il birinci kursda təhsil alan tələbələr ilə fikir mübadiləsi apardıqda aydın olur ki, cari ildə keçirilən imtahanlar ötən ilkinə nisbətən daha çətin olub. Bunu tələbələr və şagirdlər deyil, elmi praktiki təhlillər də göstərəcək ki, ötən il buraxılış imtahanlarında 53 nəfər 300 bal toplamışdısa, bu il say kifayət qədər aşağı olacaq. Bu da imtahanın ötən illə müqayisədə çətin olduğunu deməyə əsas verəcək".

Aygün Mirakif

Top
0.060021162033081