kriminal.az

Bir müddət əvvəl jurnalist Qənirə Ataşova özlərini həkim-terapevt kimi təqdim edən şəxslərlə bağlı araşdırma apararaq bir sıra faktları ictimaiyyətə təqdim edib.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli açıqlama verərək bildirib ki, yalnız 6 il tibb təhsili alan və əlavə olaraq 4 il rezidentura keçən şəxslər həkim-fizioterapevt hesab edilə bilər. O vurğulayıb ki, sadəcə 4 il bakalavr təhsili alan şəxslər həkim deyil, fizioterapist-reabilitoloqdur və müalicə fəaliyyəti ilə məşğul ola bilməzlər.

Bu kontekstdə diqqət çəkən məqamlardan biri də "Yeni Klinika"nın rəsmi saytında (yeniklinika.gov.az) 4 illik bakalavr təhsili alan bəzi fizioterapistlərin adlarının qarşısında "Dr" yazılmasıdır. Halbuki Tibb Universitetinin yalnız 4 illik bakalavr səviyyəsini bitirən şəxslər həkim diplomu almırlar. Eyni zamanda, saytda həmin mütəxəssislərin vəzifəsi "fizioterapevt" kimi qeyd edilib ki, bu ixtisas üçün 6 illik bakalavr təhsili tələb olunur.

Kriminal.Az xəbər verir ki, məsələ ilə bağlı "Yeni Klinika"nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Axar.az-a açıqlama verərək məsələnin texniki xarakter daşıdığını bildirib.

"Saytımızda fizioterapiya şöbəsində çalışan bəzi mütəxəssislərin vəzifə və təhsil göstəriciləri ilə bağlı texniki qeyri-dəqiqlik aşkarlanıb. Məsələ ilə bağlı artıq müvafiq addımlar atılaraq, saytın texniki dəstəyini təmin edən şirkətə dəyişikliklər barədə məlumat verilib. Bildirmək istəyirik ki, ən qısa zamanda düzəlişlər saytda öz əksini tapacaq. Klinikamız şəffaflıq və yüksək səhiyyə standartlarını daim nəzarətdə saxlayır", - o deyib.

Qeyd edək ki, səhiyyə sahəsində ixtisas və vəzifə uyğunluğunun qorunması pasiyentlərin düzgün diaqnostika və müalicə alması baxımından böyük əhəmiyyət daşıyır.

Top
0.053583145141602