kriminal.az
Teymur Musayev:

"Son illərdə qlobal səhiyyə ciddi fəsadlarla üzləşib. Ölkələr çalışırlar ki, innovativ olsunlar. Müxtəlif pandemiyalar müsbət dəyişikliklərə olan imkanları azaldır. Bu isə ölkələrdən ciddi islahatlar, investisiyalar tələb edir".

Kriminal.Az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunda "Qlobal sağlamlıq böhranla üz-üzə: Hazırlıq və bərabərlikdə yeni sərhədlər" adlı panel müzakirədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, səhiyyə sistemlərinin gələcəyi daha açıq olacaq, fərdiləşəcək və xəstələrin iştirakına yönəldiləcək:

"Səhiyyə sektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili və fərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək".

Nazir vurğulayıb ki, COP29 iqlim dəyişikliyi hərəkatında silinməz iz qoyan son dərəcə uğurlu və məhsuldar konfrans oldu:

"Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təşviqi Azərbaycan hökumətinin əsas prioritetləridir".

"Gələcək səhiyyə siyasətində kibertəhlükələr və həssas tibbi məlumatlardan sui-istifadənin qarşısını almaq üçün pasiyentlərin təhlükəsizliyi, pasiyent hüquqları və süni intellektdən istifadənin tənzimlənməsi prioritet təşkil etməlidir", - deyə nazir qeyd edib.

O əlavə edib ki, süni intellekti qanunvericilikdə əks etdirməliyik:

"Artıq süni intellekt bizə yoldaşlıq edir. Hətta süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər".

Məhərrəm Əliyev

Top
0.052985906600952