Rozmarindən demensiyanın inkişafını yavaşlatmaq üçün istifadə olunacaq.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə Kaliforniyadan olan bir qrup alim apardıqları araşdırmadan sonra bəyan ediblər. Tədqiqatın nəticələri "Antioxidants" elmi jurnalında dərc edilib.
Elm adamları rozmarin və adaçayında olan təbii birləşmə - karnozin turşusunun stabil formasını hazırlayıblar. Güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olan bu maddə Alzheymer xəstəliyi modeli olan siçanlarda yaddaşın yaxşılaşmasını göstərib.
Karnozin turşusu beyin hüceyrələrini oksidləşdirici stres və iltihab nəticəsində yaranan zədələrdən qoruyur ki, bunlar neyrodegenerativ xəstəliklərin inkişafında əsas rol oynayır. Lakin təmiz halda bu maddə qeyri-sabitdir, bu da onun təbabətdə istifadəsini çətinləşdirir. Kaliforniya tədqiqatçıları karnozin turşusunun di-asetilləşdirilmiş formasını sintez ediblər ki, bu da bağırsaqda aktiv formaya çevrilir və cəmi bir saat ərzində terapevtik konsentrasiyada beyinə çatır.
Eksperimentlər zamanı Alzheymer xəstəliyi modeli olan siçanlara üç ay ərzində həftədə üç dəfə yeni birləşmə və ya plasebo veriliib. Karnozin turşusu alan heyvanlarda yaddaşın yaxşılaşması, beyində sinapsların sayının artması və Alzheymer xəstəliyinin inkişafının əsas faktorları hesab edilən toksik zülalların - amiloid-beta və fosforlaşmış tau səviyyəsinin azalması müşahidə edilib.
"Biz bir neçə yaddaş testi keçirdik və karnozin turşusu alan siçanlar hər birində yaxşılaşma göstərdilər. Preparat təkcə vəziyyətin pisləşməsini yavaşlatmadı, həm də faktiki olaraq yaddaşı normal səviyyəyə qaytardı", - tədqiqatın müəlliflərindən biri, nevroloq Styuart Lipton qeyd edib.
Alimlər ümid edirlər ki, karnozin turşusu təkcə Alzheymer xəstəliyinin müalicəsi üçün deyil, həm də ikinci tip diabet və Parkinson xəstəliyi kimi digər iltihabi xəstəliklərdə də istifadə edilə bilər. Gələcəkdə tədqiqatçılar insanlar üzərində klinik sınaqlar keçirməyi planlaşdırırlar.
Əgər gələcək tədqiqatlar karnozin turşusunun effektivliyini və təhlükəsizliyini təsdiqləsə, bu, Alzheymer xəstəliyi və digər neyrodegenerativ xəstəliklərlə mübarizədə irəliləyiş ola bilər.