Qan Turalı yazır...
Dahilərin, klassiklərin insan olduğunu bəzən unuduruq. Axı onlar hər şeydən əvvəl insan idilər. İnsan olduqları üçün də hər bir insana xas ola bilən mənfi keyfiyyətlərdən onlar da xali deyildilər.
Cəlil Məmmədquluzadə 1912-ci ilin 7 martında Məmmədəli Sidqiyə bir məktub yazır. Başlıqdakı məsələ də məhz bu məktubdan götürülmüşdür. Məktuba keçməzdən qabaq Məmmədəli Sidqi haqda qısa bir arayış verək.
Məmmədəli Sidqi görkəmli Azərbaycan maarifpərvər ziyalısı, şairi və müəllimi Məhəmməd Tağı Sidqinin oğludur. Məhəmməd Sidqi Naxçıvanın mədən həyatında mühüm rol oynamış görkəmli bir ziyalı idi. Hüseyn Cavidin müəllimi olan Sidqi təkcə Cavdin yox onlarla ziyalının həyatına təsir göstərmişdir. Sidqi Cəlil Məmmədquluzadə ilə də yaxın dost idi. Onun oğlu olan Məmmədəli Sidqi isə "Molla Nəsrəddin" jurnalında redaktor kimi çalışmışdır. Sözügedən məktub da Məmmədəli Sidqiyə jurnalın işləri ilə bağlı yazılmışdı. Məktubun mətni isə aşağıda kimi verilmişdir:
"Əzizim Məmmədalı!
Çoxdandır ki, istəyirəm sənə kağız yazam, bu gün-sabaha salıram. Mirzağa Əliyev məni ikinci dəfə aldatdı və ona göndərilən jurnaldan bir qəpik də göndərmə və on dəfə də Əsədullah Axundova yalan söylədi ki, Sidqinin yanında (...) manat poçtnan göndərmişəm. Mən buralarda poçtdan xəbər alıram, amma deməyinən orada Mirzağa fəxr eləyir ki, xalqa hiylə eləməyi hamıdan yaxşı bilir. Düşəndə yoldaşlarına giley elə. Göyərçini də görəndə de ki, mən Mirzağaya bir manatlıq jurnal etibar eləyib göndərməzdim, məhz onun xatirəsi üçün göndərdim. Əgər o da ərinin bicliklərinə şərik olur, dəxi sözüm yoxdur.
Qəribə budur ki, səni çox vaxt Mirzağa ilə bir yerdə görürlər, amma elə (...) dost olmağını istəməzdim".
Mirzağa Əliyevi yəqin ki, tanımayan yoxdur. Öz dövrünün görkəmli aktyoru olan Mirzağa Əliyev teatr tariximizin qızıl fonduna düşən görkəmli rollar oynamışdır. 1883-cü ildə doğulan qüdrətli sənətkar inqilabdan əvvəlki dövrdə geniş şöhrət tapmış, Sovet illərində bir çox mühüm mükafatlara layiq görülmüşdür. Hazırda onun adına Bakı şəhərinin Yasamal rayonunda küçə də vardır. Azərbaycan teatr İnstitutu (Hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) 1954-cü ildən Mirzağa Əliyevin adını daşımışdır.
Teatrla yanaşı Mirzağa Əliyev kinoda da çalışmış, "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları", "Arşın mal alan" və s. filmlərdə çəkilmişdir.
Mirzə Cəlilin məktubda bəhs etdiyi Göyərçin də Mirzağa Əliyevin həyat yoldaşı, ilk peşəkar qadın aktrisamız Gövhər Qazıyeva idi. O, "Göyərçin" adı ilə məşhur idi.
Hadisələrin gedişatı haqqında müfəssəl məlumata malik deyilik. Doğrudanmı aktyor Mirzə Cəlilin pulunu mənimsəmişdi, yoxsa bir anlaşılmazlıq olmuş, bəziləri xoşagəlməz söz-söhbət yaymışdılar. Təəssüf ki, bütün bunlara dəqiq cavab vermək mümkün deyildir.
Ancaq bir məqam var ki, bu məqam bu məsələnin üzərindən sir pərdəsini götürə bilər.
Belə ki, 1916-cı ildə Bakıda "Ölülər"in premyerası olmuş, Kefli İsgəndər rolunu da Mirzağa Əliyev oynamışdır. Hətta Mirzağa Əliyev xatirələrində rola hazırlaşmaq üçün Mirzə Cəlilin prototip kimi götürdüyü Paşa ağa Sultanovla görüşmək üçün Naxçıvana getdiyindən bəhs edir.
Mirzə Cəlil insani münasibətlərdə son dərəcə sərt bir insan idi, bir insan onun gözündən düşürdüsə, heç bir hadisə, heç bir əməl o insanı Mirzənin gözündə əsla ucaltmırdı. Ona görə də, Mirzə üçün çox əziz olan bir pyesdə Kefli İsgəndər rolunun Mirzağa Əliyevə verilməsi dörd il əvvəl məktubda yazılan şeylərin elə də ciddi əsası olmadığını göstərir. Bəlkə də Mirzə məşhur prinsipiallığını Mirzağa Əliyevə münasibətdə bir kənara qoymuşdur.
P.S. Mirzağa Əliyev 1945-ci ildə çəkilən "Arşın mal alan" filmində Məşədi İbad rolunu oynamışdır. Yazının başlığı da bu rola işarədir. Molla Nəsrəddinlə bağlı məsələ isə məlumdur.