Böyük Britaniyanın Lids Universitetinin alimləri Aberstvit Universitetindən həmkarları ilə birlikdə Khumbu buzlağının əriməsini araşdırmaq üçün Everest zirvəsinə qalxacaqlar. Buzlağın yox olması Himalay su ehtiyatlarından asılı olan bir neçə ölkənin əhalisi üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Lids Universitetinin rəsmi saytında məlumat verilib.
Himalay buzlaqları Nepal, Hindistan, Pakistan və regionun digər ölkələrində milyonlarla insan üçün həyati vacib olan su mənbəyi olaraq qalır. Ərimiş su suvarma, kanalizasiya və hidroenergetika üçün istifadə olunur. Bununla belə, buzlaqların ərimə sürətindəki dəyişikliklər bu resursu, xüsusən də əhalinin su qıtlığına həssas olduğu dağətəyi ərazilərdə təhlükə yarada bilər.
Tədqiqatçılar dəniz səviyyəsindən 6 000 metrdən çox hündürlükdə işləyərək, buzlağın temperaturunu ölçmək üçün qazma işləri aparacaqlar.
Yeni məlumatlar bölgədəki buzlaqlarda və su təchizatında dəyişiklikləri proqnozlaşdırmaq üçün istifadə edilən iqlim modellərini təkmilləşdirməyə kömək edəcək.