Səkkiz zolaqlı yol, sürətlə şütüyən avtomobillər… Nə piyada keçidi var, nə svetofor, nə də yerüstü keçid… Avtomobillər saatda 90 kilometrdən artıq sürətlə hərəkət edirlər. Piyadalar isə özlərini riskə ataraq bu yoldan keçirlər. Görüntülər Mərdəkan-Qala yolu, Qala parkının qarşısındandır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Xəzər rayonunun Qala qəsəbəsinin sakinləri yolun hər iki tərəfində sıx məskunlaşma olduğunu bildirirlər. Üstəlik, elə həmin hissədə hipermarket, bir neçə zəruri iaşə obyektləri və Qala parkı var. Buna baxmayaraq, yolun həmin hissəsində piyada keçidi yoxdur.
Sakinlər bildirirlər ki, ora ən yaxın keçid təxminən 2 kilometr məsafədə yerləşir. Bu səbəbdən həmin keçiddən istifadə edə bilmirlər. Hətta bəzi hallarda orada yaşayan insanları avtomobil də vurub. Sakinlərin istəyi, ərazidə piyada keçidinin inşa edilməsidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
