Üzün qızarması - orqanizmin təbii reaksiyasıdır, çox vaxt utananda, xəcalət çəkəndə və ya həyəcanlananda baş verir. Bəs belə vəziyyətlərdə niyə qızarırıq?
Kriminal.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı kardioloq Milana Hacıyeva bu barədə danışıb.
Onun sözlərinə görə, üzün qızarması ürək döyüntüsü, tənəffüs və qan dövranı kimi orqanizmin qeyri-iradi funksiyalarını nəzarətdə saxlayan vegetativ sinir sisteminin işi ilə bağlıdır.
"Biz utanc hiss edəndə, beyin bunu stresli vəziyyət kimi qəbul edir. Cavab olaraq simpatik sinir sistemi aktivləşir və "vur, ya qaç" reaksiyasını işə salır", - deyə Hacıyeva bildirib.
Həkim qeyd edib ki, bu reaksiyanın təzahürlərindən biri üz nahiyəsində qan damarlarının genişlənməsidir.
"Bu, adrenalin ifrazı səbəbindən baş verir və dəriyə qan axını artır. Nəticədə, kapilyarlar genişlənir və üz qırmızı çalar alır. Utanmaq - sosial emosiyadır, çox vaxt zəiflik hissi və ya mühakimə olunma qorxusu ilə bağlıdır. Biz narahat vəziyyətə düşəndə, beynimiz bunu sosial statusa təhdid kimi şərh edir. Bu, stres reaksiyasını yaradır, bu da öz növbəsində, fiziologiyaya təsir edir", - deyə kardioloq əlavə edib.
Bununla yanaşı, o qeyd edib ki, qızarma - insanın unikal xüsusiyyətidir.
"Bu, özünüdərk və empatiya qabiliyyətimizlə bağlıdır. Biz qızarırıq, çünki başqalarının bizi necə qəbul etdiyini anlayırıq və bu, emosional reaksiya yaradır. Üzdə dəri səthinə yaxın yerləşən çoxlu sayda kiçik qan damarları var. Damarlar genişlənəndə, qan üzə axır və onu qırmızı edir. Bundan əlavə, üz - bədənin ən görünən hissəsidir, ona görə də qızarma ətrafındakılar üçün aydın olur", - deyə həkim əlavə edib.
O həmçinin diqqətə çatdırıb ki, qızarma qızardığımızı dərk etdiyimizdə daha da güclənə bilər.
"Bu, qapalı bir dairə yaradır: qızarmağımız səbəbindən nə qədər çox utansaq, o qədər güclü olur. Bəzi insanlar bu reaksiyadan o qədər narahat olurlar ki, onlarda eritrofobiya - qızarmaq qorxusu inkişaf edir. Lakin yadda saxlamaq vacibdir ki, qızarma - səmimiyyətimizi və emosionallığımızı göstərən təbii bir reaksiyadır. Bəzi mədəniyyətlərdə bu, hətta dürüstlük və xeyirxahlıq əlaməti kimi qəbul edilir", - deyə Hacıyeva sözlərini yekunlaşdırıb.