kriminal.az
İstedadına görə məktəbdən çıxarıldı, milyonları güldürdü, depressiyaya düşdü - VİDEO

İstedadına görə məktəbdən çıxarıldı, milyonları güldürdü, depressiyaya düşdü - Robin Vilyams kimdir?

Kriminal.az Robin Vilyams haqqında maraqlı faktları təqdim edir.

1951-ci ildə ABŞ-nin İllinois ştatının Çikaqo şəhərində doğulub. Atası Robert Fitscerald Vilyams “Ford” şirkətində yüksək səviyyəli rəhbər vəzifəsində çalışıb, anası Lauri isə keçmiş model idi.

Robinin valideynlərinin əvvəlki evliliyindən bir uşağı olub. Valideynlərinin hər ikisi işlədiyindən Robin onlarla çox vaxt keçirə bilmirdi və özünə qapanmışdı. O, diqqətləri üzərinə çəkmək üçün insanları güldürməyi seçmişdi. Elə hər şey də buradan başlanır.

Zarafatlarına görə məktəbdə qısa müddətdə populyarlıq qazanan Vilyams evində ona qarşı olan diqqətsizliyi yumorla ört-basdır etməyə başlamışdı.
O hər dəfə bir mühitə öyrəşdikdə ailəsi iş və ya başqa səbəblərdən yaşadığı ərazidən köçürdü. Bu da yeni insanlara adaptasiya olmaq demək idi.

16 yaşında Miçiqanda getdiyi məktəbdən məzun olanda sinfin “ən gülməlisi” və “uğur qazanma ehtimalı ən aşağı olan şagird” statusu qazanmışdı. Hamı düşünürdü ki, Vilyams insanları güldürsə də, bu, karyera qurmaq üçün yetərli deyil.

O, siyasət elmi oxumaq üçün universitetdə qeydiyyatdan keçsə də, aktyorluq etmək istəyinə görə bir neçə ay sonra təhsilini yarımçıq qoyur.
Üç il bir icma kollecində aktyorluq təhsili aldıqdan sonra 1973-cü ildə Vilyams  çoxlarının arzuladığı “Culyard” musiqili-teatr məktəbinə qəbul olur.

Həm məktəb yoldaşları, həm də müəllimlər Robinin istedadına heyran qalmışdılar, amma hədsiz çox zarafat etməsi müəllimlərinin xoşuna gəlmirdi.
Heç kim onun ciddi rol oynayacağına inanmırdı, amma Vilyams bunu sübut etmişdi. Onu məktəbə qəbul edən Con Hausmən təcrübəli bir aktyor idi. 3 il sonra Hausmən gələcəyin ulduzuna deyir ki, o artıq məktəbdən öyrənəcəyi  hər şeyi öyrənib. Beləliklə, Vilyams “Culyard”dan ayrılır.

O, 25 yaşı olanda Kaliforniyadan San Fransiskoya getsə də, aktyor kimi iş tapa bilmir. Sonra kilsədə komediya emalatxanası üçün yazılan elanı görür və Lüteran kilsəsinin zirzəmisində stəndaplara başlayır.

Özünü inkişaf etdirən Vilyams daha sonra  Los Ancelesə gedir. Nəhayət televiziya prodüserlərindən biri onun istedadını kəşf edir.

Bir neçə kiçik roldan sonra o, “Xoşbəxt Günlər” sitkomunda yadplanetli rolu ilə qısa müddət ekranlarda görünsə də, çox bəyənilir.

Komediya aktyoru Con Beluşi ilə yaxın dostluqları onları uçuruma sürükləyir. Aktyorların hər ikisi də içki və narkotikə qurşanır. 1982-ci ildə Beluşi narkotikin dozasının çox olmasından ölür.

Düşdüyü vəziyyətdən peşman olan Vilyams özünü toplayır və səhnələrə qayıdır.

Qadınlar ona heyran idi, aktyor da qadınlara “yox” deyə bilmirdi. O,  müsahibələrindən birində qadınlara aludə olduğunu və başına gələnləri alçaldıcı hesab etdiyini, eləcə də utandığını demişdi.

Çünki Robin Vilyamsın münasibətlərinin hamısında xəyanət var idi. 3 dəfə evlənən və 3 uşaq atası olan Robinin həyatından saysız-hesabsız qadın keçmişdi.
Onun çəkildiyi filmlərdən “Sabahın xeyir, Vyetnam”, “Ağıllı Vill Hantinq”, “Misis Daubfayr”, “RV” və s. aktyora xeyli şöhrət qazandırıb.
O, filmlərdəki improvizasiyaları ilə də yaddaşlarda qalıb. Rol aldığı “Patch adams” filminin səhnələrində həqiqətən xəstə uşaqlar yer alıb. Ekran işi çox tənqid edilsə də, sonradan uğur qazanıb.

Bir neçə dəfə “Oskar” mükafatına namizəd göstərilən aktyor, “Ağıllı Vill Hantinq” filmindəki rolu ilə bu mükafata layiq görülüb.
Bütün bu illər ərzində onun həyatında hər şey yaxşı görünsə də, dostu Con Beluşinin itkisi onda iz buraxmışdı.
2003-cü ildə Vilyams təkrar içməyə başlayır. Vəziyyət o həddə çatır ki, aktyor reabilitasiya mərkəzinə yerləşdirilir. Bu vəziyyəti və xəyanət iddiaları onun ikinci evliliyinin də bitməsinə səbəb olur.
Üçüncü dəfə isə o, mağazada tanış olduğu bir qadınla evlənir. Əvvəllər hər şey yaxşı görünsə də, cəmi 2 il sonra Vilyamsın səhhətində ciddi problemlər yaranır, onun psixi sağlamlığı pozulur. Həkimlər 62 yaşlı aktyora erkən parkinson diaqnozu qoyurlar.

2014-cü ildə öz yataq otağında həyatına son verir.

Vilyamsa parkinson diaqnozu qoyulsa da, son illərində müşahidə olunan davranışları anormal idi. Aktyorun ölümündən sonra yarılma nəticəsində onun beyninin hər yerində levi adlanan anormal hissəciklər tapılıb. Bu isə yaddaş itkisi, hallüsinasiyalar, yuxusuzluq və parkinsonla oxşar simptomları olan başqa bir xəstəlikdir.

Billurə Yunus

Top
0.054883003234863