Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsi razılaşdırılıb, saziş layihəsi üzrə danışıqlar başa çatıb.
Kriminal.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Bu o deməkdir ki, biz sazişin imzalanması ilə bağlı müzakirələr mərhələsinə daxil olmuşuq və mən Ermənistan xalqı adından sazişi imzalamağa hazır olduğumu bildirim”, - o qeyd edib.
O əlavə edib ki, Azərbaycan sazişin rəsmi səviyyədə imzalanmasını iki məsələ ilə əlaqələndirir: “Bunlardan birincisi ATƏT-in Minsk Qrupu strukturlarının buraxılmasıdır. Mən dəfələrlə demişəm ki, bu, Ermənistan üçün aydın gündəmdir. Əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlasaq və bunu ediriksə, bu münaqişə ilə məşğul olan strukturun olmasının nə mənası var?”
Paşinyan təklif edir ki, Azərbaycan Sülh Sazişi və ATƏT MQ strukturlarının ləğvi ilə bağlı eyni vaxtda birgə bəyanat imzalansın. “Bu, rəsmi təklifdir”, - Paşinyan bildirib.
Bakının Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı mövqeyinə gəldikdə Paşinyan deyib ki, Azərbaycanın bu mövqeyini Sülh Sazişini imzalamamaq üçün bəhanə kimi deyil, səmimi narahatlıq kimi qaldırmasından çıxış etməyə çalışmalıyıq.
“Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Bildirməliyik ki, yalnız Ermənistan Konstitusiya Məhkəməsi Konstitusiyanın mətninin rəsmi şərhini verə bilər”.
Bununla belə, Paşinyan sülhlə bağlı ikibaşlı mövqeyini də ortaya qoyub: “Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında Sülh Sazişinin mətninin Ermənistan Konstitusiyasına uyğun olmadığına qərar verərsə, o zaman Ermənistanda müəyyən vəziyyət yaranacaq və sülh və münaqişə arasında seçim etmək zərurəti yaranacaq.
Lakin Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin Ermənistan Konstitusiyasına uyğun olduğuna qərar verərsə, bu halda Sazişin parlamentdə ratifikasiyasından sonra Ermənistan Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinin ratifikasiyasına heç bir maneə olmayacaqdır. Bu o deməkdir ki, Sülh Müqaviləsi həm Ermənistanda, həm də Azərbaycanda ratifikasiya edildikdən sonra ən yüksək hüquqi qüvvəyə malik olacaq.
Anlaşılmazlığa yol verməmək üçün bir daha vurğulayım ki, Azərbaycanın qaldırdığı məsələlərin həlli yolu Sülh Sazişini imzalamamaqdan deyil, imzalamaqdan keçir”.
Mürtəza
Kriminal.az