ABŞ KİV-də Donald Tramp Administrasiyasının Vaşinqtonun Aya hüquqlarının olduğunu iddia etməsi ilə bağlı mümkün planları barədə fərziyyələr yayılıb.
Kriminal.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Qarret Reym "Aviation Week" nəşri üçün yazdığı məqalədə bildirib.
O, bu ideyanı Ağ Evin texnologiya və müdafiə sənayesi üçün mühüm əhəmiyyət kəsb edən nadir torpaq elementlərinin çıxarılmasına marağı ilə əlaqələndirib.
Müəllifin fikrincə, Trampın Qrenlandiya və Kanadaya diqqət yetirməsi bu regionlardakı defisit mineral ehtiyatları ilə izah olunur. Reymin fikrincə, analoji strateji mülahizələr təkcə nadir torpaq elementlərinin deyil, həmçinin digər qiymətli qazıntıların əhəmiyyətli yataqlarının tapıldığı Aya da aid edilə bilər.
Ekspert həmçinin Çinin Ay proqramında fəal irəliləyişi ilə əlaqədar ABŞ-nin kosmik sənayesində narahatlıqların artdığını qeyd edib. Analitikin qiymətləndirməsinə görə, Çinin ABŞ-dən əvvəl Yerin peykinə qayıtması Vaşinqtonu kosmosda öz layihələrini sürətləndirməyə sövq edən əsas amilə çevrilib.