Amerikanın "Apple" korporasiya ABŞ-də satış üçün nəzərdə tutulan bütün "iPhone" modellərinin yığılmasını Hindistana köçürməyi planlaşdırır.
Kriminal.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti şirkətdən olan mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bu qərar ölkə prezidenti Donald Trampın Çinə qarşı apardığı siyasət səbəbindən qəbul edilib.
Nəşrin qeyd etdiyinə görə, Trampın başladığı Çinlə ticarət müharibəsi "iPhone"nun Çində istehsalının maya dəyərini və risklərini əhəmiyyətli dərəcədə artırır. "Apple" əvvəllər də təchizat zəncirlərini şaxələndirmə strategiyasına sadiq qalsa da, indi şirkət istehsal gücünü Çindən çıxarmaq üçün işlərini xeyli sürətləndirməyə məcbur olub. Hazırda şirkətin smartfonlarının böyük əksəriyyəti məhz Çində yığılır.
Şirkətin planlarına əsasən, 2026-cı ilin sonuna qədər Hindistanda ABŞ bazarı üçün 60 milyondan çox "iPhone" istehsal olunmalıdır. Bu isə istehsalın həcminin ikiqat artırılması deməkdir. Bu planların reallaşmasına ABŞ və Hindistan rəhbərliyi arasında aparılan ticarət danışıqları da dəstək verir. Bu həftə Hindistana səfəri zamanı ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, tərəflər "çox yaxşı irəliləyiş" əldə ediblər.
Həmidə İbrahimova