Pakistan Hindistan Hərbi Hava Qüvvələrinə aid iki döyüş təyyarəsini vurub.
Kriminal.az xəbər verir ki, bu haqda Pakistan ordusuna istinadən Anadolu Agentliyi məlumat yayıb.
Bundan əlavə, Hindistan Pakistanla sərhəddə bütün hava hücumundan müdafiə qüvvələrini səfərbər edib.
Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, Hindistanla Pakistan arasında sərhəd boyu hər hansı gözlənilməz vəziyyətə cavab vermək üçün hava hücumundan müdafiə qüvvələrinin bütün bölmələri səfərbər olunub.
ABŞ prezidenti Donald Tramp Hindistanın Pakistana endirdiyi zərbələrlə bağlı açıqlaması zamanı deyib:
“Bu ayıbdır. Biz Oval Ofisə girəndə bu barədə eşitdik. Düşünürəm ki, insanlar keçmişlərinə əsaslanaraq nəyinsə baş verəcəyini bilirdilər. Onlar uzun müddət mübarizə aparırlar. Bunun çox tez bitəcəyinə ümid edirəm".
Pakistanın baş naziri Şahbaz Şərif deyib ki, məkrli düşmən Pakistanın 5 yaşayış məntəqəsinə qorxaqcasına hücumlar həyata keçirib.
O həmçinin Pakistanın Hindistanın tətbiq etdiyi bu müharibə aktına güclə cavab vermək hüququnun olduğunu və indi qətiyyətli cavab verildiyini bildirib.
“Bütün ölkə Pakistan silahlı qüvvələrinin arxasındadır və bütün Pakistan xalqının əhval-ruhiyyəsi yüksəkdir. Pakistan xalqı və Pakistan silahlı qüvvələri düşmənlə necə mübarizə aparacağını bilir. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”, - o əlavə edib.