Xəbər verdiyimiz kimi Bakıda Məlhəm Beynəlxalq Hospitalında həkim pasiyentin qeyri-peşəkar hərəkəti ilə bağlı görüntülər yayılıb. Videoda həkim Günel Qəmbərova tibbi müdaxilə zamanı pasiyentin sinəsinin görüntülərini yayımlayıb. Bundan başqa əməliyyat öncəsi rəqs edib. Rəqs etdikdən sonra müəyyən tibbi prosedurlar da həyata keçirib.
Məlhəm Beynəlxalq Hospitalının Mammoloq-radioloqu Günel Qəmbərovanın steril əlcək taxarkən öskürməsi və işinə davam etməsi, o cümlədən pasiyentin sinəsinin açıq görüntülərini paylaşması sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb, geniş müzakirə mövzusuna çevrilib.
Kriminal.az xəbər verir ki, Bizim.Media Günel Qəmbərova ilə əlaqə saxlayıb. Həkim açıqlamasında bildirib ki, görüntüləri xəstənin icazəsi ilə özü paylaşıb:
“Mən 17 ildir ki, təcrübəli həkiməm, uşaq da deyiləm. Tibb universitetinin müəllimiyəm. Gigiyenik qaydaları da yaxşı bilirəm. Görüntülənən yer əməliyyat otağı deyil, müayinə otağıdır. Adi UZİ prosedurudur. Orada hələ ki əməliyyat aparılmadığı üçün xüsusi narahatlığa ehtiyac yoxdur”.
Pasiyentin sinəsinin açıq şəkildə paylaşılmasına gəlincə, isə həkim belə cavab verib:
“Sinəsinin açıq şəkildə paylaşılmasına pasiyentin heç bir etirazı olmayıb”.
Xatırladaq ki, bir neçə ay öncə mama-ginekoloq Ləman Əliyeva cərrahi əməliyyat zamanı doğum gününü qeyd etmişdi. Onun bu addımı böyük rezonans doğurmuşdu.