Moskva yaxınlığında bir fabrikdə işləmək ümidi ilə yola çıxan afrikalılar Rusiyanın Ukraynadakı cəbhəsində ölüm təhlükəsi ilə üz-üzə qalırlar.
Kriminal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatlara görə, Rusiyaya iş tapmaq ümidi ilə gedən yüzlərlə afrikalı saxta vədlərlə döyüş bölgələrinə aparılır.
"Tam axtardığım şeydir" deyə düşündü, amma…
Kamerunun paytaxtı Yaundedə yaşayan, evli və üç uşaq atası Jan Onana Rusiyada şampun fabrikinə işçi axtarıldığını bildirən elanı gördükdə fürsəti əldən vermək istəməyib. Pul toplayaraq Moskvaya uçub və minlərlə digər afrikalı kimi daha yaxşı gəlir ümidi ilə yola çıxıb. Ancaq tezliklə məlum olub ki, bu elan həyatındakı ən qorxulu dönüş nöqtəsinə çevriləcək.
Moskvaya çatdıqdan dərhal sonra o, Banqladeş, Kamerun, Zimbabve və Qanadan olan 10 nəfərlə birlikdə saxlanılıb. Onlara bildirilib ki, fabrikdə deyil, Rusiya ordusunda bir illik müqavilə ilə xidmət edəcək və Ukraynaya göndəriləcəklər.
Maaş, təlim, sonra cəbhə
Onana ifadəsində bildirib ki, Rostov və Luqanskda 5 həftəlik hərbi təlim keçib. Təlimdən sonra ailəsi ilə əlaqə saxlaya bilsə də, cəbhəyə yola düşərkən telefon və şəxsiyyət sənədləri əlindən alınıb. May ayının əvvəlində 8 muzdlu əsgərlə birgə bir sığınacağı ələ keçirmək əmri alıb. Lakin hava hücumu nəticəsində sığınacaqda yalnız Onana sağ qalıb. Altı gün yaralı halda dağıntılar altında qalan Onana daha sonra Ukrayna qüvvələri tərəfindən əsir götürülüb.
Yuyucu yox, döyüşçü oldular
Eyni taleyi yaşayan afrikalılar təkcə Onana ilə məhdudlaşmır. 25 yaşlı seneqallı Malik Diop da sadəcə qab yumaq üçün Rusiyada işə qəbul edildiyini düşündüyü bir anda əlində silahla cəbhəyə aparıldığını bildirib. O da fürsətini taparaq qaçıb və Ukrayna ordusu tərəfindən tutulub.
Afrikadan gələnlərin çoxu geri dönmür
The Telegraph"ın əldə etdiyi sənədlər və ifadələrə əsasən, afrikalıların Rusiyaya yüksək maaş vədləri ilə cəlb olunduğu, lakin aldadılaraq hərbi xidmətə məcbur edildiyi ortaya çıxıb. Kamerun hökuməti mart ayında bu vəziyyətə görə hərəkətə keçib, ordudakı fərarilik hallarının artması səbəbilə hərbi personalın ölkəni tərk etməsinə məhdudiyyətlər qoyulub.
Sosial şəbəkələrdə itkin elanları
Kamerunda sosial mediada yüzlərlə insan Rusiyaya getdikdən sonra itkin düşən qohumları ilə bağlı yardım çağırışları edir. Bu paylaşımlarda tez-tez Rusiya hərbi formasında afrikalıların fotoları yerləşdirilir.
"Məsələ pul qazanmaqdır"
Kamerun ordusunda sıravi əsgərlərin 67 funt-sterlinq maaş aldığı, Rusiya tərəfindən isə 1.500 funt-sterlinq təklif edildiyi bildirilir. Bu maaş fərqi, afrikalıların müharibəyə cəlb olunmasının əsas səbəblərindən biri kimi göstərilir.
Təhlükəsizlik üzrə ekspert Raoul Sumo Tayo bildirib: "Bu, Rusiyanı dəstəkləmək deyil. Sadəcə ailələrinə pul göndərmək istəyən insanların son çarəsidir".
PUA fabrikində qadınlar da işlədilir
Təkcə döyüş bölgəsində deyil, Rusiya qadın afrikalı işçiləri də müxtəlif hərbi istehsalat müəssisələrinə cəlb edir. Alabugada yerləşən bir zavodda İran istehsalı "Şahed" dronlarının yığılmasında yüzlərlə xarici qadının çalışdığı bildirilir. Bu işçilərə yüksək maaş və təhsil vədləri verilsə də, əslində onların nə ilə məşğul olduqları barədə əvvəlcədən məlumat verilmir.
2024-cü ilin aprelində Ukraynanın bu zavoda endirdiyi pilotsuz hücum zamanı çox sayda afrikalı qadın işçi yaralanmışdı.