ABŞ ordusu İranın nüvə proqramı ilə bağlı məsələni həll etmək üçün ABŞ Prezidenti Donald Trampa bir sıra hərbi variantlar təqdim edib.
“Kriminal.az ” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla bildirib.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmədə ondan CENTCOM-un ABŞ liderinin göstərişi ilə İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün böyük güclə zərbə endirməyə hazır olub-olmadığı soruşulub.
O, müdafiə naziri Pit Heqsetə və Trampa müxtəlif variantlar verdiyini bildirib.
Bundan əvvəl "Axios" portalı mənbələrə istinadən iddia etmişdi ki, İsrailin baş naziri Binyamin Netanyahu İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün hərbi variantı həyata keçirməkdə daha çox maraqlıdır. Portalın məlumatına görə, Netanyahu Trampı əmin edib ki, Tehran və Vaşinqton danışıqlar apararkən yəhudi dövləti İrana qarşı heç bir hərbi addım atmayacaq. ABŞ lideri Tehranın nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edəcəyinə ümid edərək İrana hücum etmək istəmədiyini bildirib.