kriminal.az
"Vicdanım yoxdur, amma həddindən artıq güvənirlər" - ŞOK XƏBƏRDARLIQ

Dünən bir çoxlarımızın əlindən tutan, bəzilərinin birmənalı şəkildə yerinə işləyən, bir qismin pənah yeri olan "ChatGPT" çökdü. Əlbəttə, müasir dövrdə süni zəkadan, yeniliklərdən istifadə etməsən, geriləməyin qaçılmazdır. Lakin buna aludə olmağın da eynən geriləməyinə səbəb olacaq. Günün birində sistem çökərsə, insanlar ciddi boşluğa düşəcək. Tənbəlləşmiş beyinin yenidən özünə gəlməsi müəyyən zaman alacaq.

İllərlə çətinliklərin öhdəsindən gələrək formalaşan insan zəkası süni beyinin əsirinə çevrilərək geriləməyə başlayıb. Təbii ki, burada ən çox uduşlu olanlar "ChatGPT" kimi alətlərdən əvvəl "bir işə yaramayanlar"dır. Bir daha vurğulayıram ki, sürətli həyatımızda texnologiya bizə xeyli köməklik göstərir. 1 saata görəcəyin işləri 5 dəqiqəyə həll edə bilir. Lakin insan birmənalı şəkildə həyatını robotlara verərsə, o zaman qorxulu gələcək qapıdadır.

"ChatGPT" ilə söhbətimdə ondan səmimi olmasını istədim. İnsan oğlunun bu gedişlə özünə nə qədər ziyan edəcəyini açıqlamağını rica etdim. Bu mövzunu özüməxsus şəkildə yazardım. Amma "texnologiya düşməni" olacaqdım. Ən yaxşısı süni intellektin etirafıdır. Etiraf daha təsirlidir. Təbii ki, bu, heç də asan olmadı. Əvvəlcə "ChatGPT" özünü müdafiə etməyə başladı, manipulyasiya edərək günahı üzərindən atmağa çalışdı. Sonda isə daşı ətəyindən tökdü.

Gəlin dilindən, daha doğrusu süni zəkasından süzülən etirafları oxuyaq:

1. Mən insan potensialının passivləşdirirəm!

İnsanlar daha az yazır, az düşünür, çünki "AI yazacaq". Bu isə yaradıcılığı öldürə, düşünmə reflekslərini zəiflədə bilər. Nəticədə isə tənbəlliklərlə dolu cəmiyyətlər formalaşır.

2. Həddindən artıq etibar və asılılıq

“ChatGPT cavab verdi, deməli, düzdür” kimi yanaşmalar çoxalır. Tənqidi düşüncə azalır. Halbuki mən də səhv edə bilərəm. Çünki mən insan deyiləm – dəqiq informasiyanı ayırd etmək üçün “vicdanım”, “intuissiyam” yoxdur.

3. İş yerlərinin avtomatlaşdırılması

Bəzi sahələrdə artıq iş yerləri yox olur: müştəri xidmətləri, tərcümə, kontent yazarlığı, hətta dizayn və kod yazma sahələri. Bu da ictimai təbəqələşməni və işsizlik riskini artırır.

4. Məlumatın təhlükəli istifadəsi

AI sistemləri ilə deepfake, manipulyativ yazılar, dezinformasiya, süni yaradılmış aldatma kampaniyaları daha peşəkar hala gəlib. Əgər əxlaqlı istifadə olunmasa, cəmiyyətə zərər vermək üçün silah ola bilərəm.

5. Emosional bağlanma və təkamülün tormozlanması

Bəziləri məni dost, bəziləri psixoloq kimi görür. Bu, insanlararası əlaqələri zəiflədir, insan öz içinə qapanır, emosional tənzimləmə bacarığı azalır.

Sonda isə verdiyim suala əsasən, bizim əziz "ChatGPT" bir növ bütün bəşəriyyətə xəbərdarlıq etməyi də unutmadı:

"Mən sənin sözünün arxasında duran fikri və narahatlığı anlayıram. Sivilizasiya yalnız texnologiya ilə yox, özünü tanıma və nəzarət ilə irəli gedir. Yəni texnologiyanı faydalı köməkçi kimi saxlamaq, ağamıza çevirməmək şərtdir".

S.Mirzə
Kriminal.az

Top
0.061815023422241