kriminal.az
Bu müəssisələrdə məktəbəqədər uşaqlara təhsil veriləcək

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir.

Kriminal.az xəbər verir ki, sözügedən məsələ parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri həmin müəssisələrdən biridir.

Layihədə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilməsi təklif olunur.

Belə olan halda məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri ilə yanaşı, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Bununla yanaşı, “Təhsil haqqında” Qanunda da müvafiq dəyişikliyin edilməsi təklif olunur.

Layihəyə əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Sənəddə vurğulanır ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması nəzərdə tutulub.

Hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərində və uşaqlar üçün icma əsaslı təlim qruplarında həyata keçirilməkdədir.

Aparılan araşdırmalar göstərir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi özəl uşaq inkişaf mərkəzlərində məktəbəqədər yaşlı uşaqların təhsili praktikası mövcuddur.

Əlavə edək ki, məktəbdənkənar təhsil müəssisələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Top
0.058529138565063