Texnologiya nəhənglərinin ümumi marka dəyəri 3,2 trilyon dollara çatıb. Dünyanın ən güclü texnologiya brendləri bu il də rekord dəyərlərə imza atıblar.
Kriminal.az Valyuta.az-a istinadən xəbər verir ki, "Brand Finance" təşkilatının 10 iyun tarixli yeni hesabatına əsasən, 2025-ci ildə dünyanın ilk 100 texnologiya brendinin təxminən 75%-i marka dəyərində artım nümayiş etdirib.
İlkin olaraq diqqətçəkən məqam, cəmi 44 ABŞ mənşəli texnologiya brendinin ümumilikdə 2,5 trilyon ABŞ dolları marka dəyəri ilə siyahının 78%-nə sahib olmasıdır. Siyahıya başçılıq edən "Apple" 574,5 milyard dollarla 2025-ci ildə də ardıcıl ikinci dəfə ən dəyərli texnologiya brendi olaraq qalır. Araşdırmalara əsasən, istehlakçıların 80%-dən çoxu bu brendi tanıyır və onların 45%-i məhsul və xidmətlərindən istifadə etməyi nəzərdən keçirir.
"NVIDIA" isə 2025-ci ilin ən sürətlə böyüyən texnologiya brendi olaraq önə çıxıb. Şirkət marka dəyərini bir il ərzində 98% artıraraq 87,9 milyard dollara çatdırıb və bununla da ilk dəfə olaraq dünyanın ən dəyərli 10 texnologiya brendi siyahısına daxil olub. Bu artım, süni intellekt texnologiyalarına yönəlmiş strateji yanaşma və genişlənən bazarda tutduğu güclü mövqe ilə əlaqələndirilir.
"Microsoft", "Google", "Amazon" və "TikTok/Douyin" kimi brendlər isə 2024-cü il reytinqindəki mövqelərini qoruyaraq müvafiq olaraq ikinci, üçüncü, dördüncü və beşinci pillələrdə qərarlaşıblar.
Siyahının güc göstəricilərinə nəzər saldıqda, Çin texnologiya sektorunun da ciddi irəliləyiş əldə etdiyi görünür. "WeChat" ikinci il ardıcıl olaraq dünyanın həm ümumi, həm də texnologiya üzrə ən güclü brendi seçilib. Brendin Güc İndeksi (BSI) üzrə göstəricisi 100 mümkün baldan 95,2 olub və AAA+ reytinqi ilə qiymətləndirilib. "WeChat"ın geniş funksional imkanları və inteqrasiya qabiliyyəti onun liderliyini möhkəmləndirən əsas faktorlar sırasındadır.
Digər güclü Çin brendləri – "JD.com", "Meituan" və "Taobao" da bu il ilk 10-luqda yer alıblar və Asiyanın texnologiya sektorundakı yüksəlişini təsdiqləyiblər.
"Brand Finance" şirkətinin dəyərləndirmə üzrə direktoru Lorentso Koruzzi bu nəticələri şərh edərək bildirib ki, texnologiya brendləri təkcə maliyyə baxımından deyil, həm də strateji baxımdan yüksək təzyiqlə üzləşirlər:
“Onlar qlobal genişlənməni davam etdirərkən siyasi risklər, tənzimləyici baryerlər və iqtisadi qeyri-müəyyənliklərlə qarşılaşırlar. Uğur qazananlar isə dəyişən şərtlərə uyğun çevik, davamlı və gələcəyə yönəlmiş strategiyalarla sektoru yenidən formalaşdıran brendlərdir”.