Brüsseldə Avropa İttifaqı rəsmilərinin Əfqanıstandakı vəziyyətlə bağlı görüşündə ölkənin və qonşu regionların ən həssas təbəqələrinə humanitar yardım göstərmək üçün vəsait elan edilib.
Kriminal.az xəbər verir ki, ümumi məbləği 161 milyon avro olan vəsaitin böyük hissəsi - 141 milyon avrodan çoxu ölkədə fəaliyyət göstərən humanitar təşkilatlara yönəldiləcək.
Qalan vəsait isə Əfqanıstan vətəndaşlarına, həmçinin Pakistan və İrandakı qaçqınlara yardıma yönəldiləcək.
Yardım proqramının bir hissəsi olaraq, Aİ-dən Əfqanıstana 100 tona yaxın zəruri humanitar ləvazimatları çatdıracaq yeni bir uçuş planlaşdırılır.
Aİ-nin yeni maliyyələşdirməsinə ərzaq yardımı, səhiyyə xidmətləri və qida çatışmazlığının müalicəsi, eləcə də ucqar ərazilərdə təmiz su və kanalizasiyaya çıxışın yaxşılaşdırılması daxildir. Proqram, həmçinin həssas qrupların, o cümlədən risk altında olan insanların hüquqlarının müdafiəsini nəzərdə tutur.
Aİ humanitar yardımı yalnız yerdə çalışan humanitar tərəfdaşlar vasitəsilə həyata keçirilir.