BMT Baş katibi Antoniu Quttereş İsrail və İran arasında davam edən gərginliyin artmasından dərin narahatlığını ifadə edib.
Kriminal.az “Report"a istinadən xəbər verir ki, Baş katib bununla bağlı yayımladığı bəyanatda qeyd edib ki, o, Yaxın Şərqdə İsrail və İran arasında davam edən hərbi eskalasiyadan son dərəcə narahatdır: “Təcili olaraq gərginliyin azaldılması və atəşkəsə doğru addımların atılması üçün yenidən çağırış edirəm”.
O, həmçinin münaqişənin beynəlxalq miqyasda daha da genişlənməsinin qarşısının alınması üçün bütün tərəflərə çağırış edib: “Əlavə hərbi müdaxilələr təkcə birbaşa iştirak edən tərəflər üçün deyil, bütün region və beynəlxalq sülh və təhlükəsizlik üçün böyük fəsadlara səbəb ola bilər”.
A.Quterreş dinc əhaliyə qarşı törədilmiş fəlakətli insan itkilərini, xəsarətləri, yaşayış evlərinə və mülki infrastruktura vurulan ziyanı qəti şəkildə pisləyib.
Baş katib qeyd edib ki, diplomatiya İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqların həlli üçün yeganə yol olaraq qalır: “BMT nizamnaməsi bizi müharibə bəlasından xilas etmək üçün ortaq çərçivəmizdir. Bütün üzv dövlətləri nizamnaməyə və beynəlxalq, o cümlədən beynəlxalq humanitar hüquqa tam əməl etməyə çağırıram. Diplomatiya yeganə həll yoludur. Münaqişənin böyüməsinin qarşısını almaq hamımızın məsuliyyətidir”.