kriminal.az
Qərb biznesi qayıtmağa tələsmir: Rusiyanın ciddi problemləri var - BBC

Rusiya prezidenti Vladimir Putinin xarici investisiyalar üzrə səlahiyyətli nümayəndəsi Kiril Dmitriyev bildirib ki, bir sıra amerikalı investorlar ölkəyə maraq göstərməyə başlayıb.

Kriminal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Bu gün biz Amerika Ticarət Palatası ilə səhər yeməyi yedik və ABŞ-dan bir çox investor gəlmişdi. Hiss edirik ki, bir çox Amerika şirkəti geri qayıtmaq istəyir. Hesab edirəm ki, ABŞ administrasiyası başa düşür: dialoq və birgə əməkdaşlıq sanksiyalardan daha effektivdir. Sanksiyalar işləmir və sizin biznesinizə ziyan vurur", deyə Dmitriyev bildirib.

Lakin müəllifin qənaətinə görə, Qərb biznesinin böyük miqyasda geri dönməsi ehtimalı azdır – ən azı Rusiya Ukraynaya qarşı müharibəni dayandırmayınca. Bu barədə o, Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti Robert Eyci ilə söhbətinə istinadla məlumat verib.

"Mən hesab edirəm ki, vəziyyət aydındır: ABŞ şirkətlərinin qayıdışı barədə ciddi düşünməsi üçün bu münaqişəyə necə isə son qoyulmalıdır", deyə Eyci vurğulayıb.

Jurnalist Eycidən soruşub: "Siz Tramp administrasiyasından Rusiyaya qarşı bəzi sanksiyaların ləğvini istəmisinizmi?"

Eyci cavab verib: "Biz Vaşinqtonda olduq, Amerika sanksiyalarının ABŞ biznesinə təsirini təhlil etdik və bu məlumatı administrasiyaya təqdim etdik".

"Ukraynadakı müharibə fonunda Qərb biznesinin geri dönüşü ideyasının mübahisəli olduğunu düşünürsünüzmü?" sualına isə Eyci belə cavab verib:

"Qərb şirkətləri üç-dörd il əvvəl baş verənlər əsasında qərarlar veriblər. Onlar qərar verəcəklər – qayıtmaq üçün doğru vaxtdır, yoxsa yox".

Məqalənin müəllifinin fikrincə, artıq üç ildən çox davam edən müharibə və genişmiqyaslı sanksiyalar fonunda Rusiya ciddi iqtisadi problemlərlə üz-üzədir. Bunlara yüksək inflyasiya, yüksək faiz dərəcələri, iqtisadi durğunluq və tənəzzül daxildir. Bu problemlərin nə zaman və necə həll olunacağı isə hələlik bəlli deyil.

Top
0.058986902236938