“Ölkə başçımızın möhtəşəm “İrəvan bizim dədə-baba torpağımızdır. Biz ora qayıdacağıq” çıxışından sonra bu kitabın üzərində daha da həvəslə, ürəklə işləməyə başladıq. Bizim üçün stimul oldu”.
Kriminal.az xəbər verir ki, bu sözləri “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin ictimaiyyətə təqdimatında əsərin müəlliflərindən biri olan Oruc Əliyev bildirib.
“İrəvan xanlığı mətbəxi təkcə yemək deyil, bir xalqın yaddaşı, yaşantılarının güzgüsüdür. Bu kitabda biz itirilmiş dadları, unudulmuş süfrələri və xalqımızın zəngin mətbəx irsini yenidən canlandırmağa çalışmışıq. Məqsədimiz bu mirası gələcək nəsillərə çatdırmaq, onu qorumaq və yaşatmaqdır. Kitabı yazarkən hər səhifəsində bir ocağın, bir ailənin, bir xatirənin izini hiss edirdik. Ümid edirəm ki, bu əsər mətbəx mədəniyyətimizə bir töhfə olacaq”, - deyə o söyləyib.
Milli Kulinariya Mərkəzi Assosiasiyasının idarə heyətinin üzvü olan Oruc Əliyev kitabın ərsəyə gətirilməsinə yaratdığı imkanlara görə qurum adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, O.Əliyev həmçinin Əməkdar mədəniyyət işçisi və usta aşpazdır.
Miri