Tarixçi alim Zaur Əliyev Azərbaycanın və ümumtürk tarixinin nadir xatırlanan, lakin ən qüdrətli hökmdarlarından biri haqqında danışıb. Kriminal.az -ın xəbərinə görə, alim Tonq Yabqu Xaqanın Qərbi Göytürk xaqanlığının beşinci və ən nüfuzlu hökmdarı olduğunu qeyd edib:
“Tonq Yabqu xaqanın dövrü Göytürk dövlətinin ən qüdrətli dövrü sayılır. Tonq – “hücum edən, cəsur”, “düz dayanan”, “məğrur” kimi mənaları ifadə edir. Elmi ədəbiyyatda bu ad ‘Cəsur-qurdlar’ anlamında da işlənir,” – deyə Zaur Əliyev bildirir.
Tarixçinin sözlərinə görə, cəsur sərkərdə olan Tonq Yabqu əvvəlcə şimal bölgəsindəki Toles tayfalarını öz hakimiyyəti altına alıb, daha sonra isə Fərqanə, Daşkənd, Buxara, Səmərqənd, Kaşqar, Kuca, Hötən, Turfan, Aksu kimi mühüm şəhərləri nəzarətə götürüb.
“Qərbdə yaşayan bütün şadlar və yabqular bu əraziləri artıq Türklər adına idarə edirdi. Üçüncü Sasani-Türk müharibəsində isə Tonq Yabqu özünü Qafqaz Albaniyasının hakimi elan etmişdi,” – Zaur Əliyev əlavə edir.
Alim onu da qeyd edir ki, bu dövrdə Göytürk xaqanlığı Çin imperiyasında baş verən daxili çəkişmələr fonunda müstəqil siyasət yürütməyə başlamışdı. Tonq Yabqu xaqan Tan sülaləsindən olan bir şahzadə ilə evlənmiş, Bizansla ittifaq quraraq Sasanilərə qarşı mühüm qələbələr qazanmışdı.
Zaur Əliyev həmçinin Tonq Yabqunun Xəzər xaqanlığının əsasının qoyulmasında mühüm rol oynadığını bildirir:
“Onun dövründə Qafqaz bölgəsinin şadı, yabqusu və tudunu olan Böri Şad, Tonq Yabqunun ölümündən sonra müstəqil siyasət aparmağa başlayaraq Xəzər xaqanlığını yaratdı,” – deyə tarixçi vurğulayıb.
Tarixçi həmçinin İslam tarixi ilə bağlı maraqlı bir məqama diqqət çəkir. Onun sözlərinə görə, Hz. Məhəmmədin (s) məktub göndərdiyi hökmdarlar sırasında Tonq Yabqu Xaqanın da adı var:
“Hazırda Vatikanda saxlanılan məktubda Peyğəmbərin (s) Qərbi Göytürklərin xaqanı Tonq Yabquya xitab etdiyi məlum olur. Məktubda yazılır:
“Ənənəvi Türk dini içərisində yer alan məhəbbətin Allah inancı, ölümün Tanrının əlində olduğu inancı, bu dünya həyatının yanında başqa həyata inanma, cənnət-cəhənnəm, tale, qurban, dua, yoğ aşı kimi dini mərasimlər Allahın göndərdiyi İslamda vardır. Sizləri bu dinə dəvət edirəm, İslamın gözəlliklərini hiss etməyinizə inanıram”.”
Alim əlavə edir ki, məktubun saxlandığı kataloqda Qərbi Göytürklərin Xəzər dənizinin qərb sahillərində, yəni Azərbaycan ərazisində yaşadığı qeyd olunub.
Zaur Əliyev Tonq Yabqu Xaqanın Sasani hökmdarı Xosrova göndərdiyi tarixi məktubdan da sitat gətirib:
“Mən Tonq Yabqu Xaqan, Şimalın Ağası, Tenqrinin böyük hörmət bəslədiyi Qərbi Göytürk vilayətinin xaqanıyam. Türklərə qarşı çıxmaq Tenqriyə qarşı çıxmaqdır, türklərə qarşı çıxmaq heç kimin haqqı deyil.”
(Mənbə: Çin mənbələrində Türkler – Eski T’ang Tarixi)
Tarixçi bu faktlara əsaslanaraq qeyd edir ki, Tonq Yabqu Xaqan yalnız türk tarixinin deyil, İslam tarixinin də diqqətəlayiq fiqurlarından biridir və onun adı Azərbaycan tarixində daha çox hallanmalıdır.