"Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq və xüsusi notariusun köməkçisi təyin olunmaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nda dəyişikliklər edilib.
Kriminal.az xəbər verir ki, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ixtisas komissiyasının sədri və onun müavini komissiya üzvləri tərəfindən onların arasından komissiyanın birinci iclasında seçiləcək. İxtisas komissiyasının katibi Ədliyyə Nazirliyi tərəfindən təyin ediləcək.
Mövcud qanunvericiliyə görə, şəhadətnamənin alınması üçün şəxs Ədliyyə Nazirliyinə bu Qayda ilə müəyyən edilmiş formaya uyğun ərizə təqdim etməlidir. Ərizədə müsahibə və ya peşə hazırlığına dair müsahibə nəticəsində işləmək istədiyi notarius vakansiyası üzrə başqa namizədlərlə müqayisədə daha az keçid balı topladığına görə ona təklif edilən digər vakant notarius vəzifəsi üzrə fəaliyyət göstərə biləcəyinə dair münasibəti qeyd olunur. Dəyişikliyə əsasən, münasibətin qeyd olunması şərti ləğv edilib.
Bundan əlavə, notariat fəaliyyəti ilə məşğul olmaq arzusunda olan və sənədlərinin qəbulu prosesində müraciət etmiş şəxsə münasibətdə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanun müəyyən edilmiş vətəndaş qüsursuzluğu ilə bağlı tələblərə uyğunluğun müəyyən edilməsi məqsədilə müvafiq məlumat elektron sorğu informasiya sistemi vasitəsilə Maliyyə Monitorinqi Xidmətindən əldə olunacaq.
Həmçinin, mövcud qanunvericiliyə əsasən, imtahan namizədin seçdiyi notarius vakansiyası üzrə əsasən kompüterdən istifadə edilməklə test üsulu ilə keçirilir. Dəyişikliyə görə, imtahan kompüterdən istifadə edilməklə test üsulu ilə keçiriləcək.
Bununla yanaşı, mövcud qaydaya görə, imtahanın yekunlarına görə 55 və ya daha çox bal toplamış namizəd müsahibəyə buraxılır. Dəyişikliyə əsasən artıq 60 və ya daha çox bal toplamış namizəd müsahibəyə buraxılacaq. Müsahibədən 15 və daha çox bal toplamış namizədlər icbari təlimə buraxılacaqlar. Digər namizədlər müsahibədən keçməmiş sayılacaqlar.
Peşə hazırlığının yoxlanılması üzrə müsahibənin nəticələri ixtisas komissiyası tərəfindən qiymətləndiriləcək. Belə ki, ixtisas komissiyasının qərarı ilə razılaşmayan namizədlər ədliyyə nazirinə şikayət edə bilərlər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayan namizəd məhkəməyə müraciət edə bilər.
Bundan əlavə qərarda müsahibənin keçirilməsinə dair aşağıdakı müddəalar ləğv ediləcək:
Peşə hazırlığının yoxlanılması üzrə müsahibə başa çatdıqdan sonra onun nəticələri nəzərə alınmaqla, şəhadətnamənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul olunur.
Toplanmış balların miqdarı eyni olduqda, ardıcıl olaraq hüquq elmi üzrə dərəcəsi olanlara və hüquq fəaliyyəti sahəsində daha təcrübəlilərə üstünlük verilir.
Şəhadətnamənin verilməsi barədə qəbul edilmiş qərar Ədliyyə Nazirliyinə təqdim olunur.
Həmçinin, icbari təlimin yekunları üzrə qiymətləndirmədən və peşə hazırlığının yoxlanılması üzrə müsahibədən 15 və daha çox bal toplamış namizədlərin sayı notarius vakansiyalarının sayından çox olduqda ardıcıllıqla daha çox keçid balı toplamış namizədlər qiymətləndirmədən və müsahibədən keçmiş hesab olunacaq və onlar topladıqları ballara uyğun sıralanacaqlar.
Toplanmış balların miqdarı eyni olduqda ardıcıl olaraq ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük veriləcək. Digər namizədlər qiymətləndirmədən və müsahibədən keçməmiş sayılacaqlar.
İxtisas komissiyası şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edəcək. İxtisas Komissiyasının şəhadətnamənin verilməsi barədə qəbul edilmiş qərarı Ədliyyə Nazirliyə təqdim olunacaq.
Məlumat üçün bildirək ki, qərar iyulun 9-da qəbul edilib, iyulun 10-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyulun 11-dən qüvvəyə minəcək.