kriminal.az
Kiyevdə polkovniki öldürən FSB agentləri məhv edildi

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları xüsusi əməliyyat zamanı Rusiyanın xüsusi xidmət orqanlarının agentlərini zərərsizləşdirib.Həmin şəxslər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) tapşırığı ilə Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkoviki İvan Voroniçi qətlə yetirmişdilər.

Kriminal.az Teleqraf-a istinadla xəbər verir ki, əməliyyata şəxsən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Vasili Malyuk rəhbərlik edib.

“FTX-nin agent-döyüş qrupu əvvəlcədən Ukraynaya göndərilmişdi və üç gün əvvəl əməkdaşımız, silahdaşımız polkovnik İvan Voroniçi qətlə yetirmişdi. Aparılan gizli axtarış və əks-kəşfiyyat tədbirləri nəticəsində düşmənin gizləndiyi yer müəyyənləşdirildi. Saxlanma zamanı onlar silahlı müqavimət göstərdilər və baş verən atışma nəticəsində zərərsizləşdirildilər. Bir daha qeyd edirəm: Ukrayna ərazisində düşmənin tək bir sonu var – ölümdür!” – Malyuk bildirib.

İstintaq materiallarına əsasən, qətli bir kişi və bir qadın törədib. Onlara əvvəlcə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşını izləmək, onun gündəlik marşrutu və həyat tərzi barədə məlumat toplamaq tapşırılıb. Daha sonra kuratorları onlara səsboğucu ilə təchiz olunmuş tapançanın gizlədildiyi yerin koordinatlarını verib.

Cinayətdən sonra killerlər gizlənməyə cəhd etsələr də, Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Milli Polisinin birgə fəaliyyəti nəticəsində onların yeri müəyyən olunub. 13 iyul səhəri keçirilən xüsusi əməliyyat zamanı killerlər silahlı müqavimət göstəriblər və həmin an zərərsizləşdiriliblər.

Qeyd edək ki, iyulun 10-da Kiyevin Qoloseyevski rayonunda Rusiya xüsusi xidmət orqanlarının agentləri polkovnik İvan Voroniçi qətlə yetiriblər. Hadisə yerli vaxtla saat 09:00 radələrində baş verib. Naməlum şəxs polkovnikə yaxınlaşaraq ona 5 dəfə atəş açıb və dərhal hadisə yerindən qaçıb.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 348-ci maddəsi üzrə cinayət işi başlanıb.

Top
0.064474105834961