Şimali Koreyada çalışmış qərbli diplomatlar dünyanın ən qapalı rejimlərindən birinin şəraitində keçirdikləri həyat barədə nadir təfərrüatları bölüşüblər. Onlar təcrid, gündəlik həyatdakı paradokslar və bir növ normal qəbul edilməyə məcbur qaldıqları qəribəliklərdən danışıblar.
Kriminal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.
Bank yox, çamadanlarla pul daşımaq
Beynəlxalq sanksiyalar səbəbindən diplomatik nümayəndəliklərə bank köçürmələri etmək mümkün olmayıb. Britaniyanın Şimali Koreyadakı sabiq səfiri Mayk Gifford deyir:
"Biz hər ay Pekinə uçub 30-40 min avro nağd pul götürüb geri qayıdırdıq. Alman katibənin ‘Almaniya hökuməti’ etiketli çamadanı vardı və bu heç kimi təəccübləndirmirdi".
Qəribə məhsul seçimi
Diplomatlar üçün nəzərdə tutulan mağazalarda çeşid məhdud və bəzən məntiqsiz olub. Gifford deyir:
"Soyuducularda bəzən yalnız ‘Perrier’ suyu olurdu. Gözəl sudur, amma insanın həmişə məhz "Perrier" istəyi olmur".
Azadlıq yox, sosial baryerlər
Diplomatların həyat yoldaşları da bu sosial təcridi dərindən hiss ediblər. İki il Pxenyanda yaşamış diplomatlardan birinin həyat yoldaşı Lindsi Miller etiraf edir:
"İnsanlarla həqiqətən nə düşündüklərini soruşa bilmədikdə onları tanımaq mümkün olmur".
O, yalnız xaricdə yaşamış və ingilis dilini bilən bir bar sahibəsi ilə qismən dostluq qura bilib. Lakin qadın da həyatı barədə yalnız qırıq-qırıq məlumat verib.
Çin – dünyaya pəncərə
Diplomatlar üçün Çinə səfərlər təkcə alış-veriş yox, həm də azadlıq hissi imiş. Almaniyanın Şimali Koreyadakı keçmiş səfiri Tomas Şefer xatırlayır:
"Körpünü keçib Çinə çatanda özümüzü azad hiss edirdik. Gülməlidir, amma doğrudur".
Tibbi yardım yalnız xaricdə
Səhiyyə xidmətinin səviyyəsi o qədər aşağı idi ki, adi xəstəliklər belə ciddi fəsadlara səbəb ola bilərdi. Britaniyanın keçmiş səfiri Alister Morqan deyir:
"Diplomatın həyat yoldaşında Pxenyanda xəstəlik düzgün müəyyən olunmadı. Çinə təcili köçürüldü və məlum oldu ki, kəskin appendisitdir".
Wi-Fi – yalnız səbir sahibləri üçün
Hətta diplomatik komplekslərdə belə internet olduqca zəif idi. Miller deyir:
"Facebook" mesajı göndərə bilirdiniz, amma YouTube-dan video izləmək demək olar ki, mümkün deyildi".
Pandemiyadan sonra bağlanan səfirliklər
COVID-19-dan sonra bir çox ölkənin Pxenyandakı səfirliyi fəaliyyətini bərpa etməyib. Səbəblər arasında həm təhlükəsizlik narahatlıqları, həm də siyasi dəyişikliklər yer alır.
"Pandemiyadan sonra onların ciddi yardıma – qida, dərman və enerjiyə ehtiyacı vardı. Və onlar heç nə soruşmayan Rusiya ilə əməkdaşlığı seçdilər", deyə CSIS analitiki Viktor Ça bildirib.
Şimali Koreyada olmaq vacib idi
Bütün çətinliklərə baxmayaraq, diplomatlar bu ölkədə fiziki olaraq mövcud olmağın strateji əhəmiyyətini vurğulayırlar.
"Biz Pxenyanda mesajlar ötürə bilirdik, hansı ki, bu, onların xaricdəki diplomatları ilə mümkün olmazdı", deyə Morqan qeyd edib.
Gifford əlavə edib: "Onlar bizim orada olmağımızı özləri üçün legitimlik vasitəsi və fərqli fikirlərə çıxış imkanı kimi görürdülər".
Tramp və Kimin uğursuz zirvəsi
Diplomatlar hesab edirlər ki, ABŞ-Şimali Koreya münasibətləri Donald Tramp və Kim Çen In arasında keçirilmiş, lakin uğursuz nəticələnmiş sammitdən sonra dərin zərbə alıb.
"Kim üçün ölkə tarixində ən böyük alçaldılma o oldu ki, Tramp Hanoy sammitini nahardan əvvəl tərk etdi. Bu səhvi bir daha təkrarlamayacaq", deyə Morqan vurğulayıb.