kriminal.az
Bu şəbəkə İvan Voroniçin qətlini öz üzərinə götürdü

Rusiya ilə əlaqələrdə şübhəli bilinən “The Base” adlı ultra-sağ terror təşkilatının “Ukrayna qanadı” Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçin Kiyevdə qətlə yetirilməsində məsuliyyəti öz üzərinə götürüb.

Kriminal.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Qəzetin yazdığına görə, “The Base”in Ukraynadakı hüceyrəsi ilə əlaqəli olduğu düşünülən kanalda yayılan bəyanatda deyilir:

“SBU polkovnikinin güllələnməsi son deyil, başlanğıcdır. Ədalət zəfər çalana qədər mübarizəni davam etdirəcəyik”.

“The Guardian” xatırladır ki, “The Base” ABŞ-da yaradılmış və dünya üzrə müxtəlif hüceyrələri olan radikal bir təşkilatdır. Qruplaşma Ukrayna ərazisində terror aktları və infrastruktur obyektlərinə hücumlar üçün pul vəsaiti təklif edib. Təşkilatın yaradıcısı Rinaldo Nazzaro uzun müddətdir Rusiya ilə əlaqələrdə şübhəli bilinir.

Məlumata görə, Nazzaro hazırda Sankt-Peterburqda yaşayır və 2012-ci ildən etibarən rusiyalı qadınla evlidir.

“Agentstvo” adlı araşdırma mediası yazır ki, o, uzun illərdir Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinir, lakin Nazzaro bu ittihamları təkzib edir.

İvan Voroniç iyulun 10-da Kiyevin Qoloseyevo rayonunda odlu silahla qətlə yetirilib. Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, cinayət Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə bir kişi və bir qadın tərəfindən törədilib. Onlar saxlanılarkən öldürülüblər.

Ukraynalı jurnalist Yuri Butusov isə deyib ki, qətli törədən şəxslər Azərbaycan vətəndaşları olub və onların Rusiya kriminal dairələri ilə sıx əlaqələri var.(Musavat.com)

Top
0.070630073547363